07 oktyabr 2026 01:48
111

Ölkəmiz 7 ayda xaricə 19 milyard 335,6 milyon dollarlıq məhsul satıb

Əsas ticarət tərəfdaşlarımız sırasında Çin, ABŞ, İtaliya, Türkiyə, Rusiya və Almaniya kimi böyük dövlətlərin  bazarları  yer alır

Ölkəmizin xarici ticarət coğrafiyasının genişlənməsi iqtisadi dayanıqlılığa müsbət təsir göstərən amillərdən biridir. Bu gün ölkəmiz 176 dövlətlə ticarət əlaqəsi qurub. Əsas ticarət tərəfdaşlarımız sırasında Çin, ABŞ, İtaliya, Türkiyə, Rusiya və Almaniya kimi böyük dövlətlərin  bazarları yer alır. Məlumdur ki, ticarət tərəfdaşlarımızın şaxələnməsi Azərbaycanın xarici bazarlardan asılılığını azaltmaqla yanaşı, ixrac üçün əlavə imkanlar da yaradır. 2026-cı ilin ilk yarısında ölkənin xarici ticarətində diqqətçəkən məqamlardan biri müsbət dinamikanın qorunması və xüsusilə ixracın idxalı üstələməsinin əhəmiyyətli dərəcədə artması olub.

Vurğulamaq lazımdır ki, Azərbaycanın xarici ticarətində ilin ilk 7 ayının artım göstəriciləri də diqqət çəkir. Ölkəmiz bu müddətdə  xaricə 19 milyard 335,6 milyon dollarlıq məhsul satıb, xaricdən isə 9 milyard 880,7 milyon dollarlıq məhsul alıb. Ümumi nəticədə 9 milyard 454,9 milyon dollarlıq müsbət saldo formalaşıb. Başqa sözlə, hər 100 dollarlıq idxalın qarşılığında Azərbaycan təxminən 196 dollarlıq məhsul ixrac edib. Təbii ki, həmin göstəricilərin təməlində müsbət dəyişikliklər dayanır.

İxracatda bir sıra məhsullar üzrə müsbət dinamika mövcuddur. Qızıl və pambıq ixracı artıb, meyvə-tərəvəz ixracında yüksəliş müşahidə olunur. Qeyd etmək lazımdır ki, 2026-cı ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac, qeyri-monetar qızıl istisna olmaqla, 16,9 % artaraq 1,878 milyard dollara çatıb. Aqrar məhsulların ixracı 23,9 %, aqrar-sənaye məhsullarının ixracı isə 35,3 % yüksəlib. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 759,8 milyon dollara çatıb. Bu rəqəmlər müsbət siqnaldır. Çünki ixrac coğrafiyası və məhsul strukturu baxımından Azərbaycan iqtisadiyyatında yeni istiqamətlər güclənir.

Pambıq, pambıq ipliyi, alüminium, qara metallar, şəkər, bitki, heyvan mənşəli yağlar və meyvə-tərəvəz  kimi məhsulların ixracında ciddi artımlar qeydə alınıb. Məsələn, yanvar-iyun aylarında şəkər ixracı 3,4 dəfə, pambıq ipliyi 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1 faiz, meyvə-tərəvəz ixracı isə 18,9 faiz artıb. Qeyri-neft ixracında artıq artımın mənbələri genişlənir.  Kənd təsərrüfatı məhsullarının, emal sənayesinin, metallurgiya və kimya məhsullarının, tekstil və digər sənaye mallarının xarici bazarlara çıxışı artır. Bu isə o deməkdir ki, ixracın şaxələndirilməsi istiqamətində davamlılıq mövcuddur. Eyni zamanda, ölkəmizin daxili bazarında da bolluq yaratmaq imkanları artıb. Azərbaycan bir tərəfdən yerli məhsulların xarici bazarlara çıxışını genişləndirir, digər tərəfdən, daxili bazarda öz istehsal imkanlarını genişləndirə bildiyi ölçüdə idxala olan ehtiyacı azaldır.

Burada bir məsələnin önəminə diqqət yetirmək lazım gəlir. Belə ki, bu gün  «Made in Azerbaijan» brendi ilə bağlı qarşıya qoyulan hədəf daha çox məhsul ixrac etmək deyil. Burada əsas məqsəd daha rəqabətli, daha yüksək əlavə dəyər yaradan, dayanıqlı və gəlirli aqrar ixrac modeli formalaşdırmaqdır. Hazırda mütəxəssislər bu qənaətdədirlər ki, «Made in Azerbaijan» brendi beynəlxalq standartlara (ISO, HACCP və s.) tam cavab verir. Məhz bunun nəticəsidir ki, indi yerli mallar Avropa İttifaqı ölkələrindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya, Çin və Amerika Birləşmiş Ştatlarına qədər geniş bir coğrafiyada alıcıların maağına səbəb olub.

Elçin Zaman, «İki sahil»