06 oktyabr 2026 20:04
117

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar

Azərbaycan müasir dövrdə sabit inkişafı, müstəqil siyasəti, güclənən iqtisadi potensialı və sosial rifahın yüksəldilməsi istiqamətində əldə etdiyi nailiyyətlərlə seçilən ölkələrdən biridir. Dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə qorunması, iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalına sərmayə qoyuluşu ölkəmizin tərəqqisini təmin edən başlıca amillərdir. Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun davam etdirilən inkişaf strategiyası dayanır.

Bu siyasi kurs Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına, ölkənin beynəlxalq nüfuzunun artırılmasına, hər bir vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin yeni və şanlı səhifələri yazılır. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu ümumi inkişaf siyasətində xüsusi yer tutur. Qədim dövlətçilik ənənələri, zəngin tarixi-mədəni irsi, strateji coğrafi mövqeyi və iqtisadi potensialı Naxçıvanı ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bölgəyə çevirir. Muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının sürətləndirilməsi, enerji və nəqliyyat təminatının yaxşılaşdırılması dövlət başçısının daim diqqət yetirdiyi sahələrdəndir.

Son illərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr, qəbul edilən dövlət proqramları və mühüm qərarlar bu qayğının real ifadəsidir. Prezident İlham Əliyevin Naxçıvana səfərləri də yalnız rəsmi xarakter daşımır; hər səfər yeni layihələrin başlanması, görülən işlərin yerində dəyərləndirilməsi, mövcud ehtiyacların müəyyənləşdirilməsi və muxtar respublikanın gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi ilə yadda qalır.

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri muxtar respublikanın inkişaf gündəliyinin mühüm mərhələsi kimi yadda qaldı. Bu səfər təkcə görülmüş işlərlə tanışlıq deyil, Naxçıvanın gələcək inkişaf modelini müəyyənləşdirən layihələrin təqdimatı, yeni təşəbbüslərin başlanğıcı və sosial-iqtisadi hədəflərin dəqiqləşdirilməsi idi.

Səfər çərçivəsində 50 meqavatlıq “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarında görülən işlərlə tanışlıq oldu, Naxçıvan Sənaye Parkının təməli qoyuldu, elektrik mühərrikli avtobuslara baxış keçirildi və dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlı məlumat verildi. Naxçıvan Regional DOST Mərkəzinin açılışı, sosial evlər kompleksinin və “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimləri, Möminə xatun türbəsində bərpa işləri, Əcəmi Naxçıvaninin abidəsinin açılışı səfərin sosial, iqtisadi və mədəni məzmununu tamamladı.

Bu tədbirlər bir-birindən ayrı layihələr deyil. Onlar Naxçıvanda yeni iqtisadi fəallığın, dayanıqlı enerjinin, müasir şəhər həyatının, sosial xidmətlərin əlçatanlığının və tarixi-mədəni irsin qorunmasının vahid inkişaf modelində birləşdirildiyini göstərir. Naxçıvan Sənaye Parkı yeni iş yerlərinin açılması və özəl investisiyaların cəlbi baxımından, bərpaolunan enerji layihələri enerji təhlükəsizliyi və ixrac imkanları baxımından, Naxçıvan Regional DOST Mərkəzi isə vətəndaşlara daha keyfiyyətli sosial xidmətlərin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfərin ardınca, avqustun 12-də imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam bu siyasi iradəni konkret maliyyə və icra mexanizmləri ilə möhkəmləndirdi. Sərəncama əsasən, 2026–2027-ci illərdə enerji, yol, nəqliyyat, təhsil və abadlıq layihələri üçün ümumilikdə, 258 milyon manat vəsait nəzərdə tutuldu.

Tivi Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi, 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometrlik avtomobil yollarının əsaslı təmiri, Naxçıvan Dövlət Universitetində min yerlik yataqxana kompleksinin inşası, yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bir sıra yaşayış binaları və istilik qazanxanalarının əsaslı təmiri, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi Sərəncamda əksini tapıb. Bu qərarlar Naxçıvanın inkişafına yalnız bu günün ehtiyacları baxımından deyil, gələcək nəsillərin yaşayış və təhsil imkanları prizmasından yanaşıldığını göstərir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı, muxtar respublikada dağ-mədən sənayesinin inkişafı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və digər mühüm qərarlar Naxçıvanın iqtisadi dayanıqlılığını və sakinlərin rifahını artırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun Azərbaycan televiziyasına verdiyi müsahibə bu istiqamətlərin mahiyyətini daha aydın ifadə edir. Müsahibədə səsləndirilən göstəricilər Naxçıvanın iqtisadi imkanlarının, sosial infrastrukturunun və şəhərsalma perspektivlərinin planlı şəkildə genişləndirildiyini təsdiqləyir. Geniş müsahibədən də aydın göründüyü kimi, bölgənin inkişafı ilə bağlı strateji hədəflər konkret layihələr, rəqəmlər və icra mexanizmləri əsasında müəyyənləşdirilib. Səlahiyyətli nümayəndənin müsahibəsində səsləndirdiyi statistik göstəricilər onu deməyə əsas verir ki, muxtar respublikanın inkişafı həm mövcud iqtisadi dinamika, həm də uzunmüddətli strateji plan əsasında qurulur. Bu rəqəmlər Naxçıvanın logistik məhdudiyyətlərdən çıxaraq sənaye, “yaşıl enerji”, müasir şəhərsalma və sosial rifah mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını əks etdirir.

Müsahibədə vurğulanan əsas məqam Naxçıvanın uzun illər davam etmiş logistik məhdudiyyətlərdən çıxaraq beynəlxalq nəqliyyat qovşağına çevrilməsi perspektividir. Zəngəzur dəhlizinin Naxçıvan ərazisindən keçən 194,2 kilometrlik hissəsi üzrə işlərin başlanması muxtar respublikanın Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş regionla yeni nəqliyyat əlaqələri qazanacağına dəlalət edir. Gələcək Naxçıvan həm də müasir, rahat və əlçatan şəhər mühiti kimi nəzərdə tutulur. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan məskunlaşma sahəsinin genişləndirilməsini, əhalinin artımına uyğun yaşayış fondunun formalaşdırılmasını, yaşıllıq zonalarının artırılmasını, velosiped zolaqlarının yaradılmasını, təhsil, səhiyyə və digər sosial obyektlərin əlçatanlığını hədəfləyir. Bu yanaşma şəhərsalmanın yalnız binaların tikintisi deyil, insanın rahat, təhlükəsiz və keyfiyyətli həyatının təmin edilməsi olduğunu göstərir. Naxçıvanın gələcəyi enerji, sənaye, kənd təsərrüfatı, logistika və turizm imkanlarının qarşılıqlı inkişafı ilə bağlıdır. Eyni zamanda, su təminatının yaxşılaşdırılması və iş yerlərinin genişləndirilməsi qarşıdakı dövrün mühüm vəzifələri sırasında qalır.

Bu gün Naxçıvanda həyata keçirilən layihələr göstərir ki, muxtar respublika yalnız tarixi və mədəni irsi ilə deyil, müasir inkişaf imkanları ilə də Azərbaycanın strateji bölgələrindən biridir. Prezident İlham Əliyevin diqqət və qayğısı, qəbul edilən qərarlar və ardıcıl icra mexanizmləri Naxçıvanı sosial rifahın, “yaşıl enerji”nin, müasir şəhərsalmanın və beynəlxalq nəqliyyat imkanlarının qovuşduğu yeni inkişaf mərhələsinə aparır.

Beləliklə, muxtar respublikanın gələcək inkişafı ilə bağlı statistik göstəricilər Naxçıvanın gələcəyinin təsadüfi deyil, dəqiq hədəflər, maliyyə imkanları və mərhələli icra mexanizmləri əsasında qurulduğunu göstərir.

Rəmzi İbrahimov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı