06 oktyabr 2026 20:40
108

İnformasiya təhlükəsizliyi və ideoloji qalxan

Xarici ideoloji təzyiqlər və zəhərli media resursları nə qədər çoxalsa da, onların qarşısındakı ən keçilməz sədd milli birlik və dövlətçilik şüurudur

Müasir dünyada baş verən qlobal geosiyasi dəyişikliklər, mürəkkəb münaqişələr və rəqəmsal texnologiyaların sürətli inkişafı milli təhlükəsizlik anlayışını mahiyyətcə dəyişib. Bu gün milli təhlükəsizlik yalnız hərbi güc və sərhədlərin fiziki mühafizəsi ilə məhdudlaşmır. Müasir dövlətçilik konsepsiyasında təhlükəsizlik - iqtisadiyyat, diplomatiya, enerji, nəqliyyat, sosial siyasət, təhsil, informasiya mühiti və milli özünüdərkin vahid sistemdə birfəaliyyətini nəzərdə tutur. Bu kompleks yanaşma milli inkişaf ilə milli təhlükəsizliyin bir-birini tamamlayan tək bir mexanizmə çevrilməsini şərtləndirir. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı Azərbaycanın son üç onillikdə həyata keçirdiyi siyasi xəttə yekun baxışla yanaşı, qarşıdakı dövr üçün dövlətçilik və xarici siyasət prioritetlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışın əsas xətti dəyişmir: siyasi müstəqillik, iqtisadi dayanıqlıq, hərbi güc və xarici təsirlər qarşısında manevr imkanlarının qorunması.

Lakin nitqdə diqqətçəkən məqam odur ki, “müstəqillik” anlayışı artıq yalnız ərazi və siyasi qərarvermə məsələsi kimi deyil, həm də informasiya və ideoloji məkanla əlaqələndirilir. Prezident İlham Əliyevin dövlətçilik və ideoloji təhlükəsizlik strategiyasında vurğuladığı kimi, xarici təhdidlərin və hibrid hücumların kəskinləşdiyi müasir dövrdə ideoloji siyasət dövlət fəaliyyətinin ən vacib istiqamətlərindən birinə çevrilmişdir. Xarici ideoloji təxribatlara və informasiya manipulyasiyalarına qarşı ən etibarlı müdafiə mexanizmi cəmiyyətin daxili immunitetini gücləndirməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, bu immunitet iki əsas vasitə üzərində bərqərar olur: Birincisi təhsil və tənqidi təfəkkür. Təhsil yalnız bilik və peşə bacarıqları qazandıran sahə deyil, həm də düşünən, araşdıran, müqayisə edən və düzgün nəticə çıxarmağı bacaran şəxsiyyətin formalaşdığı mühüm ictimai institutdur. Güclü ordu ölkənin hərbi təhlükəsizliyini təmin etdiyi kimi, keyfiyyətli təhsil də cəmiyyətin informasiya və ideoloji təhdidlərə qarşı müqavimət imkanlarını artırır. Yüksək təhsil səviyyəsi gənclərdə müstəqil düşünmək, faktları təhlil etmək və yalan məlumatı doğrudan ayırmaq bacarığı (media savadlılığı) formalaşdırır. Təhsilli fərd şayiələrə və psixoloji təsir alətlərinə qarşı daha dözümlü olur. İkincisi vətənpərvərlik. Bu, insanın öz dövlətinə, xalqına, dilinə və tarixi köklərinə sarsılmaz bağlılığıdır. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi cəmiyyətin müxtəlif təbəqələrini vahid məram ətrafında birləşdirərək xaricdən gələn parçalayıcı ideyaların qarşısını alır. Prezident İlham Əliyev qurultaydakı nitqində fiziki və ideoloji təhlükəsizliyin vəhdətini xüsusi vurğulayaraq bildirdi: "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içine istiqamətləndirilir... İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bu yalanlara, şayiələrə, zəhərlə dolu olan ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik."  

İnformasiya müharibəsinin ən təhlükəli tərəfi onun "dost cildində" və ya doğma dildə təqdim olunmasıdır. Çünki insan psixologiyası öz ana dilində eşitdiyi məlumatı daha tez mənimsəməyə meyillidir. Prezident İlham Əliyevin çıxışında sərt şəkildə ifşa etdiyi əsas məqamlardan biri məhz xaricdə yaradılan azərbaycandilli informasiya resurslarının gizli niyyətləridir: "Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır".

Bu təxribatların ən bariz və acıq nümunəsi öz ərazisində Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün gecə-gündüz Azərbaycan dilində televiziya kanalı və media resursları işlədən qonşu dövlətlərin siyasətidir. İkiüzlü yanaşmanın mahiyyəti aydındır: Daxili çaşqınlıq yaratmaq, cəmiyyətin dövlətə və gələcəyə olan inamını sarsıtmaq, gənclərin düşüncəsini zəhərləmək, yad ideoloji dəyərləri və saxta narrativləri milli-mənəvi dəyərlərin yerinə calamaq, reallıqları təhrif edərək ölkənin daxili və xarici uğurlarını kölgədə qoymaq.

Xarici ideoloji təzyiqlər və zəhərli media resursları nə qədər çoxalsa da, onların qarşısındakı ən keçilməz sədd milli birlik və dövlətçilik şüurudur. Təhsilli, vətənpərvər və öz milli kimliyinə sahib çıxan gənclik hər bir ideoloji təxribatın qarşısını almağa qadirdir. Azərbaycançılıq ideologiyasına söykənən vahid dövlət siyasəti ölkəmizin həm bu gününü, həm də gələcəyini hər cür informasiya hücumundan qoruyan ən güclü zirehdir. Zəfər Azərbaycanın tarixində yeni səhifə açdığı kimi, onun mahiyyətini, əldə olunan nəticələri və yaratdığı imkanları gələcək nəsillərə çatdırmaq da mühüm vəzifə kimi qarşıda durur.

Sevinc Azadi, “İki sahil”