09 oktyabr 2026 10:45
144

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı yeni dövrə qədəm qoyan Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatında və milli inkişaf strategiyasının formalaşmasında həlledici rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) ötən onilliklər ərzində  dövlət müstəqilliyinin qorunması, daxili sabitliyin təmini və qlobal arenada ölkəmizin nüfuzunun artırılmasının əsas hərəkətverici qüvvəsi statusunu qazanıb. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya  ölkənin dərin siyasi və iqtisadi böhran keçirdiyi bir dövrdə milli həmrəyliyin və xilaskarlıq missiyasının rəmzinə çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirən partiya ölkənin siyasi monolitliyini və davamlı inkişafını təmin edən fundamental sütun rolunu gələcəyə böyük inamla və qətiyyətlə həyata keçirməkdədir. . YAP-ın keçdiyi inkişaf yolu bir siyasi partiyanın dövlətin taleyində necə həlledici və qurucu rol oynaya biləcəyinin ən bariz nümunəsidir. Partiyanın keçdiyi 34 illik yol onun məqsəd və məramının, dünənin, bu günün və gələcəyin partiyası olnasının aydın mənzərəsini yaradır. Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər, atdığı addımlar Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə, xalqın sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Partiyanın indiyədək keçirilən hər bir qurultayı hesabat dövrü ərzində görülən işlərin, əldə olunan uğurlu nəticələrin təqdimatı ilə yanaşı, yeni mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi, yeni qərarların qəbulu ilə tarixə yazılıb. Bu baxımdan   oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı qalib, suveren Azərbaycanın yeni inkişaf və milli təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsi ilə diqqətdə oldu.  Əgər partiyanın VII qurultayı postmüharibə dövrünün və Qarabağın, Şərqi Zəngəzurun bərpasının başlanğıcına təsadüf edirdisə, VIII Qurultay çağdaş tariximizə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı ilk qurultay  kimi düşəcəkdir. Xüsusi vurğulamaq gərəkdir ki, dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin Qurultayda dərin məzmunlu, konseptual çıxışı  Azərbaycanın tam suverenlik mərhələsindəki yeni daxili və xarici siyasət strategiyasının  yol xəritəsi kimi tarixə yazıldı. Yeni Azərbaycan Partiyasının Qurultayının  ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bütövlükdə region  üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Ölkəmizin son illər ərzində qət etdiyi uğurlu və şərəfli yolda partiyamızın fəallarının çox böyük payı,  töhfəsi var. Cənab İlham Əliyev həm Yeni Azərbaycan Partiyasının yaranmasının, həm də Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətə qayıdışının xalqın tələbi olduğunu əsaslı şəkildə diqqətə çatdıraraq bu reallığı da xüsusi vurğuladı ki, AXC-Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini başlamışdır, qardaş qanı tökmüşdür. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qarşısını aldı, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində qətiyyətli Lider amili aparıcı rol oynadı.

Azərbaycanın bugününü  müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər geniş olduğunu, ən əsası Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edildiyini daha aydın görə bilərik. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Cənab İlham Əliyevin Qurultaydakı çıxışında vurğuladığı kimi, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açdı.

Qutultaydakı proqram xarakterli çıxışında 35 illik müstəqillik tariximizin  ayrı-ayrı  dövrlərinin  geniş təhlilini verən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yoldan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edərək bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə, Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etdi.  İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu iki hərbi Zəfər təkcə xalqımız, dövlətimiz deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik.

Ümumiyyətlə, keçilən yolun təhlili belə bir  ümumiləşdirməyə əsas verir ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə ölkənin ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərməkdədir. Bu siyasət  2003-cü ildən sonrakı dövrdə uğurla davam edir. Reallıqlar göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Azərbaycan  iqtisadi müstəqilliyini tam təmin edib, bu gün beynəlxalq aləmin çox dəyərli üzvüdür. Bu illər ərzində qarşıya qoyulan bütün hədəflər ardıcıllıqla həyata keçirildi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası prioritet məsələ kimi öndə dayanırdı. Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl Azərbaycanı addım-addım  zəfərlərə apardı. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da gücləndirəcək, qüdrətləndirəcək, yeni zəfərlərə aparacağıq. Əminliklə deyilən bu fikirlər Ümummilli lİder Heydər Əliyevin  xalqa 1 oktyabr 2003-cü ildə  tarixi müraciətində cənab İlham Əliyevə  böyük inamının təsdiqi olan “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərinin davamı oldu.

Dövlət başçısı İlham Əliyev partiyanın VIII Qurultayında “Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik” söyləyərək qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, artıq yeni mərhələnin başlandığını diqqətə çatdırdı. İndi əsas hədəf təkcə qələbə qazanmaq deyil, həm də əldə edilmiş bu tarixi nəticələri möhkəmləndirmək və uzunmüddətli inkişafa çevirməkdir. Azərbaycanın yeni inkişaf və milli təhlükəsizlik  strategiyasının əsas tərkib hissələrindən biri hərbi gücün artırılmasıdır. Cənab İlham Əliyev bunu belə əsaslandırdı ki, sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub: “Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir. İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır.”

Prezident İlham Əliyevin Qurultaydakı tarixi çıxışında təhlükəsizlik tədbirlərinin, ideoloji işin gücləndirilməsi əsas hədəf kimi qarşıya qoyuldu. Bildirildi ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. İdeoloji risklər sərhəd tanımır, xüsusilə  indiki internet, kiberhücumlar, süni intellekt dünyasında. İdeoloji təxribatlardan qorumanmaqda iki əsas amil önə çəkilir- təhsil və vətənpərvərlik.  Ölkəmizdə təhsilin inkişaf səviyyəsi, vətənpərlik hissi yüksəkdir.  Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın Vətən sevgisinin  ətani sübutudur. Azərbaycan xalqı daim yenilməzliyi, məğrurluğu ilə diqqətdə olub, Vətən, torpaq sevgisi ölçüyəgəlməzdir. Dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri təbii ki, təhsildir. Ölkəmizdə savadlılığın səviyyəsi 100 faizdir. Cənab İlham Əliyevin çağırışlarında bu məqam daim xüsusi vurğulanır ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Müasir dünyada artan hibrid təhdidlər, informasiya müharibələri və xarici ideoloji təsirlər fonunda, Prezident milli kimliyə, dövlətçilik ənənələrinə və vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət çəkdi. Gənc nəslin düzgün maarifləndirilməsi ölkənin daxili sabitliyinin qorunmasında əsas sütun kimi qiymətləndirildi. Qlobal informasiya müharibələri şəraitində  ideoloji təhlükəsizlik məsələsinin önəmi vurğulandı.  Xüsusilə gənc nəslin yad təsirlərdən qorunması, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və vətənpərvərlik ruhuna bağlı böyüməsi partiyanın və cəmiyyətin qarşısında duran ən mühüm vəzifə kimi müəyyən edildi.

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın xarici siyasət xəttinin fundamental prinsiplərini növbəti dəfə bəyan etdi. Vurğulandı ki, ölkəmiz regional platformalarda, xüsusilə İslam dünyasında həmrəyliyin gücləndirilməsi üçün D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal siyasət yürüdür.

Çıxışda növbəti illər üçün iqtisadiyyatın şaxələndirilməsi, regional layihələrin davam etdirilməsi və sosial rifahın gücləndirilməsi ilə bağlı aydın hədəflər müəyyənləşdirildi. Qeyd edildi ki,  Qarabağın  və Şərqi Zəngəzurun yenidən qurulması yeni dövrün başlıca prioritetidir. Dövlət başçısı İlham Əliyev  Qurultayda bu istiqamətdə görülən  işlərdən bəhs etdi. Bunların nəticəsidir ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu statistik rəqəm də açıqlandı ki,   bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. “Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim” söyləyən Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki,  Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər.

YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışı bir daha sübut etdiki, d övlətimizin başçısı İlham Əliyevin hər bir çağırışı Azərbaycanın bugününə və gələcəyinə hədəflənir. Bu baxımdan belə ümumiləşdirməni apara bilərik ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Cənubi Qafqazın bu aparıcı siyasi qüvvəsinin gələcəyin hədəflərinə ən çevik uyğunlaşan təşkilat olduğunu sübut etdi. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkənin qazandığı tarixi zəfərləri dayanıqlı dövlət gücünə çevirmək məqsədi daşıyan uzunmüddətli inkişaf strategiyasıdır. Yeni Azərbaycan Partiyası üzvlərinin və fəallarının qarşısında duran əsas missiya isə bu yeni dövrün çağırışlarını cəmiyyətə aşılamaq və dövlətin strateji hədəflərinin reallaşmasına töhfə verməkdir.

İradə Hüseynova,
BDU-nun kafedra müdiri,
tarix elmləri doktoru, professor,
Əməkdar müəllim, YAP-ın VIII Qurultayının nümayəndəsi