08 oktyabr 2026 17:34
133

Möhkəmlənən dostluq, genişlənən strateji tərəfdaşlıq - Azərbaycan-Türkmənistan

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və nəqliyyat-logistika sahəsində birgə layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradıb. Təsadüfi deyil ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda ölkəmizdə Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi əlaqələrin miqyasından xəbər verir. Şübhəsiz ki, bu dinamikanın əsas amillərindən biri qarşılıqlı etimad və siyasi iradədir.

Azərbaycanın Mərkəzi Asiyadakı tərəfdaşları sırasında Türkmənistanla münasibətlər xüsusi yer tutur. İki ölkə arasında əlaqələr siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar və digər istiqamətlərdə ardıcıl şəkildə inkişaf edir. Bu münasibətlərin möhkəmlənməsində 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” mühüm əhəmiyyət daşıyır. Məhz həmin sənədlə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndirilib.

Bu günədək Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələri əhatə edən 108 sənəd imzalanıb. Bu sənədlər ikitərəfli əməkdaşlığın hüquqi bazasının genişləndirilməsinə və yeni istiqamətlər üzrə əlaqələrin qurulmasına imkan verib. Əldə olunan nəticələrdə hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və qarşılıqlı əməkdaşlığa verdiyi önəm mühüm rol oynayır.

İqtisadi əlaqələrin göstəriciləri də Azərbaycan–Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini təsdiqləyir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında isə bu göstərici 63,35 milyon dollar olub. Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə edilir. 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə 15 faiz artaraq 2 milyon 344 min tona çatıb. 2026-cı ilin yanvar-avqust aylarında isə tranzit daşımalarının həcmi 2 milyon 29 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artım deməkdir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Türkmənistan üçün də mühüm imkanlar yaradır. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi mühüm rol oynayır. Azərbaycan ərazisindən keçən nəqliyyat və enerji infrastrukturu, o cümlədən Bakı–Tbilisi–Ceyhan boru kəməri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və Orta Dəhlizin imkanları iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığının perspektivlərini daha da artırır.

Azərbaycan–Türkmənistan münasibətləri yalnız iqtisadi və siyasi əlaqələrlə məhdudlaşmır. Mədəni-humanitar sahədə də əməkdaşlıq ardıcıl şəkildə inkişaf etdirilir. Bakı və Aşqabad şəhərləri, eləcə də Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması xalqlarımız arasındakı tarixi, mənəvi və mədəni yaxınlığın daha bir göstəricisidir.

İki ölkə beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Azərbaycan və Türkmənistan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi platformalarda qarşılıqlı fəaliyyət göstərirlər.

Azərbaycan–Türkmənistan münasibətlərində Qarabağ məsələsi və işğaldan azad edilmiş ərazilərin bərpası da xüsusi yer tutur. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu mövqenin praktiki ifadələrindən biri Türkmənistanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələrində iştirakı, xüsusilə Füzulidə məscid inşa etməsidir. Türkmənistanın bu təşəbbüsü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini-mədəni irsin bərpasına verilən dəstəyin nümunələrindən biridir.

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Türkmənistanın Azərbaycana bu dəstəyini yüksək qiymətləndirərək qeyd edib: “Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür”.

Azərbaycan–Türkmənistan münasibətlərinin yüksək səviyyəsi qarşılıqlı səfərlərdə də öz əksini tapır. Prezident İlham Əliyev Türkmənistana 2 rəsmi və 5 işgüzar səfər edib. Onun sonuncu işgüzar səfəri 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli görüşdə iştirak məqsədilə baş tutub.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycana səfərlər həyata keçirib. O, 2 mart 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfər edib. 2026-cı ilin 22-23 iyun tarixlərində isə ölkəmizə dövlət səfəri reallaşdırıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Həmin səfər zamanı tutumu 8 min ton olan “Dostluq” adlı neftdaşıyan tankerinin Türkmənistan tərəfinə hədiyyə edilməsi də iki ölkə arasındakı münasibətlərin simvolik ifadəsi kimi diqqət çəkib.

Oktyabrın 8-də Prezident İlham Əliyevin Türkmənistana növbəti işgüzar səfəri də Azərbaycan–Türkmənistan münasibətlərinin və bütövlükdə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının gündəliyi baxımından mühüm hadisə olub. Səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən mühüm sənədlər imzalanıb. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı ilə “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” imzalanıb.

Azərbaycan və Türkmənistanı tarixi və mənəvi yaxınlıq, ortaq dəyərlər və qarşılıqlı maraqlar birləşdirir. Hər iki ölkə uzun illər Sovet İttifaqının tərkibində olub, müstəqillik əldə etdikdən sonra isə dövlətlərarası münasibətlərin inkişafı istiqamətində ardıcıl addımlar atıb. Türkmənistan Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və həmin vaxtdan etibarən diplomatik əlaqələrin möhkəmləndirilməsi üçün mühüm işlər görülüb. İki ölkə arasındakı münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. Sonrakı mərhələdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan–Türkmənistan əlaqələri yeni məzmunla zənginləşib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu gün Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Nəqliyyat, enerji, ticarət, humanitar əlaqələr və regional əməkdaşlıq istiqamətlərində mövcud potensial iki ölkə arasında münasibətlərin gələcəkdə də yeni layihələrlə zənginləşəcəyini göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkmənistan əməkdaşlığı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyəti daha da dərinləşdirməyə çalışırlar. Bu yanaşma iki ölkə arasında mövcud dostluq və tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir.

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”