Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.
“İki sahil” xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyonumuz qurulub. Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim olunur. Burada ölkəmizin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar, eyni zamanda, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuş çay mədəniyyəti ənənəsi ziyarətçilərə nümayiş etdirilir.
Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Bu hissədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.
Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib.
X X X
Bu gün, həmçinin Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul verilib və konsert proqramı təşkil olunub.
Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO