09 oktyabr 2026 13:37
133

BMT Təhlükəsizlik Şurası Sudan üzrə sanksiyaları iki ay müddətinə uzadıb

BMT Təhlükəsizlik Şurası Sudanla bağlı sanksiyaların qüvvədə olma müddətini iki ay uzadıb. Bu qərar Şura iştirakçılarının silah embarqosunu ölkənin bütün ərazisinə yaymaq barədə razılığa gələ bilməməsindən sonra qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Sudan Tribune" portalı məlumat yayıb.

Onun məlumatına görə, Təhlükəsizlik Şurasının bütün 15 üzvü mövcud məhdudiyyətlərin 2026-cı il dekabrın 11-dək uzadılmasını nəzərdə tutan qətnamənin lehinə səs verib. Sanksiyalara əməl olunmasına nəzarət edən BMT ekspertlər qrupunun mandatı isə 2027-ci il yanvarın 11-dək uzadılıb.

Fikir ayrılıqları ABŞ-nin Sudanın qərbindəki Darfur bölgəsinə tətbiq edilən silah embargosunun ölkənin bütün ərazisinə şamil edilməsi, həmçinin PUA-lar və ikitəyinli texnologiyaların tədarükünə dair məhdudiyyətlərin sərtləşdirilməsi təklifi səbəbindən yaranıb. Rusiya və Çin mövcud tədbirlərin saxlanılmasında təkid edərək sanksiya rejiminin genişləndirilməsinin əleyhinə çıxıblar. Bir neçə həftə davam edən danışıqlardan sonra Vaşinqton ilkin layihədən imtina edib və məsləhətləşmələrin davam etdirilməsi üçün məhdudiyyətlərin müvəqqəti olaraq uzadılmasını təklif edib.

Sudana qarşı sanksiya rejimi 2005-ci ildən bəri qüvvədədir. O, Darfurlaşdakı silahlı birləşmələrə silah tədarükünə embarqo, həmçinin BMT-nin sanksiya siyahısına daxil edilmiş şəxslərin səfərlərinə qadağa və onların aktivlərinin dondurulmasını nəzərdə tutur. Sentyabr ayında Təhlükəsizlik Şurası iştirakçılar arasında yaranmış fikir ayrılıqlarına görə məhdudiyyətlərin qüvvədə olma müddətini bir ay uzatmışdı.