AZCON Holding ilə “DP World” arasında liman, logistika, gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənəd liman əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşdırılması və avtomatlaşdırılması, eləcə də müasir liman texnologiyalarının tətbiqi üzrə təcrübə və ekspertiza mübadiləsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər Azərbaycanda və Xəzər regionunda liman və logistika infrastrukturunun inkişafı, yeni investisiya imkanlarının araşdırılması, eləcə də neft-qaz sektoruna xidmət göstərəcək dəniz gəmilərinin birgə maliyyələşdirilməsi və istismarı üzrə potensial əməkdaşlıq modellərini nəzərdən keçirəcəklər.
Əməkdaşlığın digər istiqaməti Azərbaycanda gəmiqayırma və gəmi təmiri imkanlarının inkişafı, mövcud istehsal güclərindən istifadənin artırılması və Xəzər regionunda müvafiq xidmətlərin genişləndirilməsidir. Tərəflər, həmçinin liman idarəçiliyi üzrə əməkdaşların təlimi, bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb