09 oktyabr 2026 20:37
118

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Tanınmış alim və ictimai xadim, professor Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yaradılan Türk İnternet Media Birliyinin (TİMBİR) təşkilatının Ali Məşvərət Şurasının üzvü seçilib.

“İki sahil” xəbər verir ki, qərar türk dünyasının ortaq informasiya məkanının inkişafı, rəqəmsal media sahəsində strateji əməkdaşlığın gücləndirilməsi və beynəlxalq kommunikasiya imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rəcəb Tayyib Ərdoğanın 2023-cü il 7 mart tarixli qərarı əsasında beynəlxalq təşkilat statusunda fəaliyyət göstərmək hüququ qazanan Türk İnternet Media Birliyi müasir informasiya mühitində medianın imkanlarının birləşdirilməsi, rəqəmsal jurnalistikanın inkişafı və türk dövlətləri arasında informasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

TİMBİR-in baş direktoru, doktor Süleyman Basa tərəfindən imzalanmış rəsmi sənəddə professor Aygün Attarın Ali Məşvərət Şurasına üzvlüyü təsdiqlənib, onun təşkilatın institusional baxışına, fəaliyyət istiqamətlərinə və beynəlxalq əməkdaşlıq perspektivlərinə mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Birliyin fəaliyyəti türk dünyasının informasiya müstəqilliyinin möhkəmləndirilməsi, ortaq kommunikasiya strategiyalarının işlənib hazırlanması, dezinformasiya ilə mübarizə və beynəlxalq ictimaiyyətə etibarlı məlumatların çatdırılması istiqamətində yeni imkanlar yaradır.

Professor Aygün Attarın təşkilatın ali məşvərət strukturunda təmsil olunması həm Azərbaycan, həm də Türkiyənin elmi və ictimai fikrinin bütün türk dünyasının beynəlxalq media platformalarında iştirakının genişlənməsi baxımından da diqqətəlayiq hadisədir.

Xüsusilə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə daha yüksək strateji mərhələyə yüksəlmiş müttəfiqlik münasibətləri fonunda informasiya və media sahələrində institusional əməkdaşlığın genişləndirilməsi mühüm aktuallıq daşıyır. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsi isə ortaq informasiya siyasətinin əlaqələndirilməsini, media resurslarının qarşılıqlı fəaliyyətini və beynəlxalq informasiya mühitində türk dünyasının mövqelərinin möhkəmləndirilməsini zəruri edir.

Rəqəmsal transformasiyanın qlobal siyasi və ictimai münasibətləri yenidən formalaşdırdığı indiki mərhələdə informasiya məkanında güclü təmsilçilik dövlətlərin və xalqların gələcək inkişaf strategiyalarının əsas istiqamətlərindən birinə çevrilir. Türk dünyasının bu prosesdə koordinasiyalı və institusional şəkildə iştirak etməsi isə ortaq maraqların müdafiəsi və beynəlxalq nüfuzun artırılması baxımından strateji əhəmiyyət daşıyır.