11 oktyabr 2026 01:01
124

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

“Almaniya üçün Alternativ” (AfD) partiyasının “Almaniya Nəsli” gənclər təşkilatının federal idarə heyətinin üzvü Luka Moris Ştrauf qalmaqallı xəritə paylaşımından sonra istefa verib.

“İki sahil” “Bild” nəşrinə istinadən xəbər verir ki, istefanın rəsmi səbəbi “şəxsi məsələ” kimi göstərilsə də, qərardan əvvəl 22 yaşlı siyasətçinin sosial şəbəkədə paylaşdığı xəritə beynəlxalq qalmaqala səbəb olub.

Ştrauf 3 oktyabr Birlik Günü münasibətilə “X” platformasında Almaniyanın ərazisinə qonşu ölkələrin bəzi bölgələrinin də daxil edildiyi xəritə paylaşıb. Xəritədə Fransanın Elzas-Lotaringiya bölgəsi, eləcə də Avstriya, Polşa və İtaliyanın bəzi əraziləri Almaniyanın tərkibində göstərilib.

O, paylaşımında “Alman birliyi bütün alman xalqını vahid dövlətdə birləşdirən Almaniya deməkdir” ifadəsini işlədib.

Sonradan silinən paylaşım Almaniyada və xaricdə kəskin tənqidlərə səbəb olub. Məsələ, xüsusilə, Fransanın aparıcı xəbər telekanallarından biri olan BFM-in efirində müzakirə edilib.

AfD-nin gənclər təşkilatının rəhbərliyi Ştraufun paylaşımı ilə əlaqələrinin olmadığını bildirib. Təşkilatın nümayəndəsi Vendelin Fessl bəyan edib ki, vətənpərvərliyin tarixi fantaziyalara və coğrafi xəritələrə ehtiyacı yoxdur. Təşkilatın idarə heyəti insidentin növbəti iclasda son dərəcə sərt şəkildə müzakirə ediləcəyini vəd edib.

Ştrauf isə ərazi iddiaları irəli sürməsi ilə bağlı ittihamları rədd edir. O, məqsədinin yalnız alman azlıqlarının tarixən yaşadığı bölgələri göstərmək olduğunu bildirib.

“Almaniya Nəsli” təşkilatının rəhbəri Jan-Paskal Hom rəsmi açıqlamasında təşkilatın fəaliyyətinin ilk ilindəki töhfələrinə görə Ştraufa təşəkkür edib. Bununla belə, təşkilatın rəhbərliyi qalmaqallı paylaşım barədə əlavə şərh verməkdən çəkinib.