Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi
Qədəm qoyduğumuz 2017-ci il ötən ilin bu və ya digər sahədə Azərbaycanın tarixinə hansı uğurları yazdığını təhlil etməyi bir zərurət kimi ortaya qoyduğundan beynəlxalq münasibətlər sistemində ölkəmizin artan yeri və roluna bir daha nəzər salaq. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyevin proqram xarakterli nitqi bu istiqamətdə əldə olunan uğurların da təqdimatı oldu: “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu onlar üçün o qədər də yaxşı olacaq.”
Cənab İlham Əliyevin hər çıxışında iqtisadi uğurlarımız fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolundan, eyni zamanda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar mövcud diplomatik və hüquqi əsaslardan geniş bəhs olunur. Bu inam ifadə edilir ki, ərazi bütövlüyümüz təmin olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
25 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımları geniş təhlil etməyə ehtiyac yoxdur. Gerçəklik budur ki, mövqeyinin dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan edən rəsmi Bakı sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna olmadığını bildirir və daim qarşı tərəfdən konstruktiv mövqe nümayiş etdirməyi tələb edir. İşğalçı Ermənistan isə havadarlarının ona verdiyi dəstəkdən ruhlanaraq danışıqları uzatmaq ənənəsinə sadiqlik nümayiş etdirir, müstəqilliyinin formal xarakter daşıdığını açıq şəkildə büruzə verir.
Bu günün əsas çağırışlarından biri münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmasıdır. Hələ də işğalçını adı ilə çağırmaqdan “ehtiyat” edən həmsədr dövlətlər yəqin ki, illər bir-birini əvəzlədikcə bu addımları ilə məsələnin həlli prosesinin uzanmasına səbəb olduqlarının fərqindədirlər. Ən əsası rəsmi Bakı ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını bəyan edir. Ötən ilin uğurlarından bəhs edərkən hərbi qələbəmizi xüsusi qeyd etməliyik. “2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik.”
Azərbaycanın diplomatik qələbəsi, eyni zamanda güclü, qüdrətli ordusu münaqişənin həllini şərtləndirməklə yanaşı, qeyd etdiyimiz kimi, vasitəçilik missiyasını yerinə yetirən dövlətlərə, həmçinin beynəlxalq təşkilatlara bir çağırışdır. 1992-ci ildə problemin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 24 illik fəaliyyətinə nəzər salsaq, elə bir diqqət çəkən səy və addım görünmür. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında, eyni zamanda müsahibələrində də bu məqam diqqətdən kənarda qalmır. Ölkə Prezidentinin müsahibələrin birində “Nəticə olmadığı halda, vasitəçilərin rolunu müsbət qiymətləndirmək, təbii ki, düzgün olmazdı. Digər tərəfdən, mən onların mümkün olan hər şeyi etmədiklərini də deyə bilmərəm. Buna görə də, biz ümid edirik ki, həmsədr ölkələr - onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvüdür - hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurslarından daha çox istifadə edəcəklər” - fikirləri də bir çox məqamlara işıq salır.
Aprel döyüşləri dünyadan hadisələrə düzgün dəyər verməyi bir tələb kimi ortaya qoydu. İşğalçı dövlət sülh istəmədiyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun düşmənə cavabı bu reallığı ortaya qoydu ki, münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə variantına üstünlük verilərsə, Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. Dövlətimizin başçısı İlham Əliyev həmin ərəfədə keçirilən Təhlükəsizlik Şurasının iclasında dəyişməz olan bu mövqeyi bir daha bəyan etmişdir: “Biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın.”
Azərbaycan Ordusunun qüdrəti, ölkəmizin diplomatik uğurları qarşı tərəfi təşvişə salmaya bilməz. Baxmayaraq ki, Ermənistan rəhbərliyi sərsəm bəyanatları ilə diqqəti ölkəsində yaşananlardan yayındırmağa çalışır, bunun mümkünsüzlüyünün fərqindədir. İqtisadi böhran içərisində çapalayan, adı kasıb ölkələr sırasında ön yerdə yazılan Ermənistanın güclü ordudan danışması mümkünsüzdür. İqtisadi böhran dərinləşdikcə ölkəni tərk edənlərin sayı günbəgün artır. Dövlətimizin başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi “Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur” fikirlər yeni qədəm qoyduğumuz 2017-ci ildə görüləcək işlərin aydın ifadəsini yaradır.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu