11 oktyabr 2026 19:01
103

Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstandan ölkə ərazisinə daxil olmağa cəhd edən 12 silahlını zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, oktyabrın 10-da hərbçilər Xayber-Paxtunxva əyalətinin, Əfqanıstanla sərhədə yaxın Kurram rayonunda "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınır) silahlı qruplaşmasının üzvlərini aşkar ediblər.

Pakistanın təhlükəsizlik qüvvələri sərhədin qanunsuz keçilməsi cəhdinin qarşısını alıb. Hərbçilərin iddiasına görə, silahlı toqquşma nəticəsində 12 silahlının hamısı zərərsizləşdirilib.

Əməliyyat zamanı Pakistan ordusunun bir hərbçisi də həlak olub.