11 oktyabr 2026 21:12
135

"Deutsche Bank"ın rəhbəri Almaniya hakimiyyətini bürokratiyanı azaltmağa çağırıb

"Deutsche Bank"ın rəhbəri Kristian Zevinq Almaniya hökumətini iqtisadi islahatları sürətləndirməyə, bürokratiyanı azaltmağa və işçilərin işdən çıxarılmaqdan qorunması haqqında qanunvericiliyə yenidən baxmağa çağırıb.

“İki sahil” "Bild am Sonntag"a istinadən xəbər verir ki, o bu barədə qəzetə müsahibəsində bildirib.

"Biz bürokratiyanı əhəmiyyətli dərəcədə azaltmalıyıq. Etibar prinsipinə qayıtmaq və belə bir qayda tətbiq etmək lazımdır: əgər təqdim olunmuş müraciətə üç-dörd ay ərzində cavab verilmirsə, o, avtomatik olaraq təsdiqlənmiş hesab edilir", - Zevinq bildirib.

Onun sözlərinə görə, Almaniya biznesinin inkişafı üçün əsas maneələrdən biri sərt əmək qanunvericiliyi olaraq qalır. Xüsusilə, bankir əməkdaşları işdən çıxarılmaqdan qoruyan normaların yumşaldılmasının tərəfdarı kimi çıxış edib.

Zevinq qeyd edib ki, ilk addım illik gəliri 180 min avrodan çox olan işçilər üçün bu cür zəmanətlərin məhdudlaşdırılması olub. Bununla yanaşı, o, müəyyən edilmiş həddin tədricən azaldılmasını zəruri hesab edir.

"Deutsche Bank"ın rəhbəri həmçinin Almaniyada iqtisadi islahatların tempindən narazılığını ifadə edib. Onun fikrincə, hökumət hansı tədbirlərin görülməsinin vacib olduğunu başa düşür, lakin kifayət qədər sürətli və ardıcıl hərəkət etmir.

"Biz qərarların icrasını sürətləndirməli və daha ardıcıl hərəkət etməliyik. Biz daim kompromislərə gedə bilmərik", - o vurğulayıb.

Bundan əlavə, Zevinq sağ və sol siyasi hərəkatların populyarlığının artmasını Almaniya üçün ciddi risk adlandırıb.

Onun sözlərinə görə, ayrı-ayrı federal torpaqlarda seçkilərin nəticələri, eləcə də Berlində iri mülkiyyətçilərdən daşınmaz əmlakın mümkün ekspropriasiyası (dövlət orqanları tərəfindən xüsusi mülkiyyətdə olan daşınar və ya daşınmaz əmlakın sahibinin razılığı olmadan məcburi surətdə alınıb özgəninkiləşdirilməsidir) ilə bağlı müzakirələr xarici investorlarda narahatlıq doğurur.