Meksikanın “Así Lo Dice México” (“Meksika belə deyir”) qəzetində bu ölkənin Konqresinin San-Lasaro Qanunvericilik Sarayında azərbaycanlı rəssam Mehriban Alışovanın yaradıcılığına həsr olunmuş sərgidən bəhs edən məqalə dərc edilib.
“İki sahil” xəbər verir ki, məqalədə sərginin Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dulçe Mariya Korina Vilyeqas Qvernerosun təşəbbüsü, Mədəniyyət və Kinematoqrafiya Komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunduğu bildirilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev çıxışında deputatın parlamentlərarası dostluq qrupunun fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan səfirliyi ilə Meksikanın qanunverici orqanı arasında sıx əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.
Səfir incəsənətin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə siyahısına daxil edilmiş 24 irs elementinə malik olduğunu diqqətə çatdıran diplomat iki ölkənin mədəniyyətləri arasında mövcud əlaqələrdən də bəhs edib.