Müasir Azərbaycanın xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqların qorunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və coğrafi baxımdan uzaq, lakin potensial baxımından strateji olan ölkələrlə dostluq körpülərinin möhkəmləndirilməsi istiqamətində uğurla davam edir. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana tarixi rəsmi səfəri və səfər çərçivəsində dövlət başçılarının mətbuata bəyanatları iki ölkə arasındakı münasibətlərdə tamamilə yeni bir mərhələnin əsasını qoydu.
Liderlərin görüşü zamanı imzalanan Birgə Bəyanat gələcək əməkdaşlığımızın yol xəritəsini və əsas istiqamətlərini müəyyən edir. Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin 30 ildən çox tarixi var. Ötən dövr ərzində siyasi dialoqumuz, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik ən yüksək səviyyədə olub. Parlamentlərarası əlaqələrimiz də bu dostluğun mühüm tərkib hissəsidir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir, hakim partiyalarımız arasında sıx əməkdaşlıq və Anlaşma Memorandumu mövcuddur.
Lakin siyasi müstəvidəki bu yüksək dinamika iqtisadi sahədə də öz əksini tapmalıdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud ticarət dövriyyəsi nə potensialımızı, nə də niyyətlərimizi əks etdirir. Məhz bu səbəbdən iqtisadi əlaqələrin intensivləşdirilməsi üçün konkret tapşırıqlar verilmişdir. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu, eləcə də Laos tərəfindən təqdim olunacaq konkret layihələrə Azərbaycan investorlarının sərmayə yatırmaq imkanları iqtisadi tərəfdaşlığımıza güclü təkan verəcəkdir. Azərbaycanın xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyuluşu təcrübəsi göstərir ki, bu addımlar qarşı tərəf üçün də yeni iş yerləri və istehsalat sahələri deməkdir.
İki ölkəni birləşdirən vacib sahələrdən biri də humanitar və təhsil əlaqələridir. Sovet dövründə 2 mindən çox laoslu tələbənin Azərbaycanda ali təhsil alması zəngin bir ənənədir. Prezident İlham Əliyevin bu ənənəni bərpa etmək və xüsusi təqaüd mexanizmləri vasitəsilə laoslu gənclərin ölkəmizdə təhsilinə şərait yaratmaq təşəbbüsü kadr hazırlığına və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir.
Eyni zamanda, hər iki dövləti birləşdirən ortaq və ağrılı bir məsələ var – mina problemi. Müharibədən onilliklər keçməsinə baxmayaraq, Laos bu faciədən əziyyət çəkir. Azərbaycan da Ermənistanın işğalı nəticəsində 1 milyondan çox minanın basdırıldığı bir əraziyə sahibdir və son illərdə 400-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub. Bu istiqamətdə təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və birgə təlimlər hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir.
Nəqliyyat-logistika sahəsində də böyük perspektivlər mövcuddur. Laosa qonşu ölkələrlə həyata keçirilən dəmir yolu layihələri gələcəkdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiya oluna bilər. Azərbaycan artıq öz ərazisində bütün əsas nəqliyyat infrastrukturunu reallaşdırıb və hazırda yük axınının həcmini artırmaqla məşğuldur. Energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində də nəzərdə tutulan addımlar qarşılıqlı siyasi iradənin real nəticələridir.
Laos Prezidentinin ölkəmizə ilk rəsmi səfəri bir daha təsdiq etdi ki, coğrafi məsafələrdən asılı olmayaraq, qarşılıqlı hörmət və etimada söykənən dostluq münasibətləri qlobal müstəvidə yeni tərəfdaşlıq imkanları açır.
Anar Məmmədov,
Milli Məclisin deputatı
Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri
Siyasi iradə ikitərəfli münasibətlərin inkişafına və yeni iqtisadi imkanlara yol açır