14 oktyabr 2026 14:27
122

Azərbaycan-Kamboca əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yeni iqtisadi imkanların reallaşdırılması mühüm yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin coğrafi və iqtisadi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Kamboca arasında formalaşmış dostluq münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə mövcud potensial iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi üçün əlverişli zəmin yaradır.

Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında siyasi dialoqun davamlılığı, qarşılıqlı dəstək və beynəlxalq hüququn prinsiplərinə hörmət əməkdaşlığın möhkəm təməlini təşkil edir. Azərbaycan və Kambocanın beynəlxalq təşkilatlarda təmasları bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlıq platformalarında iştirakının gücləndirilməsi və müxtəlif coğrafiyalar arasında dialoqun təşviqi xarici siyasətimizin mühüm istiqamətlərindəndir. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək də bu əməkdaşlığın konkret nümunələrindəndir. Bu amil Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin inkişafına, regional təşkilatlarla təmaslarının genişlənməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına töhfə verir. Siyasi və parlamentlərarası münasibətlər iqtisadi əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycan Kamboca ilə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq münasibətlərin yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmadığını, həm də beynəlxalq platformalarda qarşılıqlı maraqların uzlaşdırılmasına əsaslandığını göstərir.

Azərbaycan–Kamboca əlaqələrinin əsasını təşkil edən siyasi dostluq və qarşılıqlı etimadın iqtisadi, ticari, humanitar və texnoloji əməkdaşlıqla daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Azərbaycan və Kamboca coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bu məsafə müasir dövrdə iqtisadi əməkdaşlıq üçün həlledici maneə hesab edilə bilməz. Əsas məsələlərdən biri qarşılıqlı bazarlar, iqtisadi prioritetlər və investisiya imkanları haqqında məlumatlılığın artırılmasıdır. Bu baxımdan biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, işgüzar səfərlərin təşkili və iqtisadi forumların keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə biznes forumunun keçirilməsi də məhz bu məqsədə xidmət edir. Belə platformalar sahibkarların bir-birinin bazarlarını daha yaxından tanımasına, potensial tərəfdaşların müəyyənləşdirilməsinə və konkret kommersiya layihələrinin müzakirəsinə imkan yaradır. Sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması perspektivi də diqqətəlayiqdir. Tərəflərin qarşılıqlı iqtisadi maraqlarına uyğun sahələrin müəyyənləşdirilməsi, investisiya imkanlarının araşdırılması və özəl sektorun təşəbbüslərinin dəstəklənməsi əməkdaşlığın uzunmüddətli xarakter almasına şərait yarada bilər. Turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya da perspektivli istiqamətlər sırasındadır. Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsinin Kambocada da maraq doğurmasıdır. Dövlət başçısı Azərbaycanın “ASAN xidmət” sisteminin Kambocada maraq doğurduğunu qeyd etdi. Bu fakt Azərbaycanın yalnız iqtisadi və siyasi sahələrdə deyil, dövlət xidmətlərinin təşkili, idarəetmənin səmərəliliyi və rəqəmsal transformasiya istiqamətlərində də beynəlxalq əməkdaşlıq üçün təcrübə təqdim etdiyini göstərir.
Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni imkanlar açan mühüm siyasi hadisədir. Qarşılıqlı etimada və beynəlxalq platformalarda əməkdaşlığa əsaslanan əlaqələrin iqtisadi məzmununun zənginləşdirilməsi həm Azərbaycan, həm də Kamboca üçün yeni perspektivlər yaradır.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi