Azərbaycan bu gün qlobal miqyasda həyata keçirdiyi müstəqil dövlətçilik siyasəti, iqtisadi qüdrəti və coğrafi sərhədləri aşan çoxtərəfli əməkdaşlıq əlaqələri ilə beynəlxalq münasibətlər sistemində mühüm mərkəzə çevrilmişdir. Ölkəmizin qitələri, sivilizasiyaları birləşdirən etibarlı tərəfdaş kimi mövqeyi münətəzəm şəkildə yeni coğrafiyalarla qurulan dostluq münasibətlərində özünü büruzə verir. Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Bakıdakı görüşü və mətbuata verdikləri bəyanatlar məhz bu uğurlu xarici siyasətin növbəti təntənəsi oldu.
Tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olması baxımından bu hadisə xüsusi əhəmiyyət daşıyırsa, səfər çərçivəsində imzalanmış Birgə Bəyanat ilə gələcək əməkdaşlığın hüquqi və strateji çərçivəsi müəyyən edilmiş oldu. Hər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından otuz ildən çox vaxt keçdiyini xatırladan Prezident İlham Əliyev bu illər ərzində beynəlxalq təşkilatlar çərçivəsində həmişə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirildiyini vurğuladı və siyasətin gələcəkdə də eyni səviyyədə davam etdiriləcəyinə əminliyini ifadə etdi. Parlamentlərarası əlaqələr, dostluq qrupları və 2018-ci ilin mayında Bakıda iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilab Partiyası arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu siyasi müstəvidə təməli qoyulan münasibətlərin möhkəm olduğunun əyani sübutudur.
Siyasi sahədəki yüksək səviyyəli qarşılıqlı etimad şübhəsiz ki, iqtisadi müstəvidə də öz bəhrəsini verməlidir. Hazırkı ticarət dövriyyəsinin hər iki ölkənin malik olduğu real potensialı əks etdirmədiyini qeyd edən dövlət başçımız bu sahədə münasibətlərin intensivləşdirilməsi üçün konkret tapşırıqlar verildiyini bildirdi. Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycanın son illərdə xarici ölkələrə milyardlarla dollar səviyyəsində sərmayə yatırdığını nəzərə alaraq, Laos tərəfindən təqdim olunacaq konkret layihələrə böyük maraqla baxılacağı bəyan edildi. Bu, həm Laosda yeni istehsalat sahələrinin qurulmasına, iş yerlərinin açılmasına, həm də iki ölkə arasında iqtisadi bağların güclənməsinə xidmət edəcək.
Azərbaycanın malik olduğu müasir nəqliyyat-logistika infrastrukturu, Trans-Xəzər nəqliyyat marşrutu regional əməkdaşlıq üçün geniş imkanlar açır. Dənizlərə çıxışı olmayan Laosun qonşu ölkələrlə dəmir yolu bağlantısı layihələri reallaşdıqdan sonra bu marşrutların birbaşa Trans-Xəzər dəhlizinə (Orta Dəhlizə) bağlanması Asiya ilə Avropa arasında yükdaşımaların həcmini daha da artıracaq. Azərbaycan öz ərazisindəki bütün mühüm logistik layihələri tamamladığı üçün indi əsas hədəf yük həcmini artırmaq və yeni ünvanlardan yüklər cəlb etməkdir. Bu layihələrin kəsişməsi Asiya ilə Avropa arasında yeni və etibarlı bir tranzit zənciri formalaşdıracaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı iradəyə əsaslanan əməkdaşlıq perspektivləri iki ölkənin inkişafına güclü təkan verəcəkdir.
Görüş zamanı səslənən maraqlı məqamlardan biri də sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması faktı oldu. Prezident İlham Əliyevin təklifi ilə bu gözəl ənənənin bərpası, xüsusi təqaüd mexanizmlərinin tətbiqi təşəbbüsü gələcəkdə humanitar və təhsil sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, gələcəkdə Laosun müxtəlif sahələrində çalışacaq azərbaycandilli kadrların yetişməsinə və humanitar əlaqələrin zirvəyə daşınmasına xidmət edəcək.
Eyni zamanda, hər iki ölkəni birləşdirən ortaq və ağrılı bir problem də mövcuddur – minalar. Laosun müharibədən onilliklər keçməsinə baxmayaraq hələ də minalardan əziyyət çəkdiyini qeyd edən dövlət başçımız, Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıldığını və son illərdə yüzlərlə vətəndaşımızın bu bəladan zərər çəkdiyini diqqətə çatdırdı. Bu sahədə təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və birgə treninqlər mühüm əməkdaşlıq istiqaməti kimi irəli sürüldü.
Prezident İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulit ilə görüşü və səsləndirdiyi bəyanat bir daha sübut etdi ki, Azərbaycan coğrafi uzaqlığından asılı olmayaraq bütün dost ölkələrlə qarşılıqlı faydalı və səmimi tərəfdaşlıq əlaqələri qurmağa qadirdir. Bakı və Vyentyan sadəcə diplomatik deyil, həm də iqtisadi, logistik və humanitar sahələrdə real nəticələrə söykənən güclü tərəfdaşlığa addım atır. İki ölkə arasında mövcud olan qarşılıqlı siyasi iradə bu hədəflərin tezliklə həyata keçəcəyinə ən böyük zəmanətdir.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent