15 oktyabr 2026 22:59
126

Azərbaycan-Laos əlaqələrində yeni tərəfdaşlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Laos əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Cənab Prezidentimizin bəyanatında vurğulandığı kimi, səfər çərçivəsində qəbul edilmiş Birgə Bəyanat iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyev qeyd etmişdir ki, keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı bir sıra mühüm məsələlər müzakirə olunmuş, əməkdaşlığın inkişafı üçün konkret addımlar müəyyən edilmişdir. Bu baxımdan sənəd Azərbaycan ilə Laos arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm siyasi çərçivə yaradır.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər otuz ildən artıqdır ki, uğurla davam edir. Bu müddət ərzində tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirmiş, dostluq münasibətlərinin inkişafına töhfə vermişlər. Prezident İlham Əliyevin bəyanatı göstərir ki, tərəflər mövcud siyasi dialoqun qorunub saxlanılmasında və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsində maraqlıdırlar.

Parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının yaradılması qanunverici orqanlar arasında əməkdaşlığın inkişafına əlverişli şərait yaradır. Eyni zamanda, beynəlxalq parlamentlərarası təşkilatlarda qarşılıqlı fəaliyyət və hakim partiyalar arasında əməkdaşlıq siyasi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafında əsas prioritetlərdən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, mövcud ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını və qarşılıqlı əməkdaşlıq niyyətlərini tam əks etdirmir. Bu səbəbdən iqtisadi sahədə əlaqələrin intensivləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında təmasların gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu bu məqsədə xidmət edən mühüm platformalardan biri ola bilər. Forumun iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı investisiya imkanlarının öyrənilməsinə və konkret iqtisadi layihələrin müəyyənləşdirilməsinə töhfə verəcəyi gözlənilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim edilməsi ölkəmizin həmin təşəbbüsləri nəzərdən keçirməsi üçün əlverişli imkan yaradacaqdır.

Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşunun genişlənməsi bu əməkdaşlıq üçün mühüm zəmin təşkil edir. Son illərdə ölkəmizin investisiya fəaliyyətinin həm maliyyə həcmi, həm də coğrafiyası genişlənmişdir. Xarici investisiyalar yeni iş yerlərinin açılmasına, istehsal sahələrinin yaradılmasına və iqtisadi inkişafın sürətləndirilməsinə imkan verir. Bu təcrübənin Azərbaycan-Laos münasibətlərində də tətbiqi hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələr yarada bilər.

Ticarət və investisiya əlaqələri ilə yanaşı, təhsil sahəsində əməkdaşlığın bərpası da xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bəyanatında sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırlatmış və bu ənənənin yenidən canlandırılmasını təklif etmişdir. Bu məqsədlə müvafiq təqaüd mexanizmlərinin yaradılması məsələsi də gündəmə gətirilmişdir.

Təhsil əlaqələrinin genişləndirilməsi yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq gələcəkdə elmi əlaqələrin qurulmasına, mütəxəssis hazırlığına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə də şərait yarada bilər. Azərbaycanda təhsil alacaq laoslu gənclər iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynaya bilərlər.

Azərbaycan ilə Laosun əməkdaşlıq edə biləcəyi sahələrdən biri də mina təhlükəsi ilə mübarizədir. Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində bir milyondan çox minanın basdırıldığını və son beş-altı il ərzində 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həyatını itirdiyini və ya ağır yaralandığını bildirmişdir.

Laos tərəfi də müharibədən uzun müddət keçməsinə baxmayaraq, mina probleminin insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığını qeyd etmişdir.

Bu baxımdan iki ölkə arasında təcrübə mübadiləsinin aparılması, müasir texnologiyaların tətbiqi və mütəxəssislər üçün təlimlərin təşkili qarşılıqlı əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər. Mina təhlükəsi ilə mübarizə yalnız humanitar məsələ deyil, həm də ərazilərin təhlükəsiz istifadəsi, iqtisadi fəaliyyətin bərpası və əhalinin normal həyata qayıtması baxımından böyük əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Laos münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Görüş zamanı Laosun qonşu ölkələrlə dəmir yolu əlaqələrinin genişləndirilməsi layihələri müzakirə edilmişdir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə ölkənin Trans-Xəzər nəqliyyat marşrutuna qoşulması üçün imkanlar yarada bilər.

Azərbaycan isə əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində Şərq-Qərb istiqamətində yükdaşımaların artırılmasında mühüm rol oynayır. Ölkəmizdə əsas nəqliyyat-logistika layihələrinin reallaşdırılması yeni yük mənbələrinin cəlb edilməsi, daşımaların həcminin artırılması və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün imkanlar yaradır. Bu baxımdan Azərbaycan ilə Laos arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı gələcəkdə Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrə də müsbət təsir göstərə bilər.

Energetika, mədənçilik və kənd təsərrüfatı sahələri də müzakirələr zamanı diqqət mərkəzində olmuşdur. Bu istiqamətlərdə əməkdaşlığın inkişafı üçün hər iki ölkənin imkanları mövcuddur. Bununla belə, potensialın real nəticələrə çevrilməsi konkret layihələrin hazırlanmasından, biznes əlaqələrinin gücləndirilməsindən və qarşılıqlı maraqların uzlaşdırılmasından asılıdır. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, tərəflər arasında siyasi iradənin mövcudluğu əməkdaşlığın genişləndirilməsi üçün mühüm amildir.

Laos Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Thonqlun Sisulit vaxtilə, ötən əsrin 1980-ci illərində Azərbaycanda olsa da, bu səfər Laos Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Bu fakt səfərin siyasi və diplomatik əhəmiyyətini daha da artırır. Laos Prezidentinin oktyabrın 15-də nəzərdə tutulan Zirvə görüşündə iştirakı da tərəflər arasında yüksək səviyyəli dialoqun davam etdirilməsi baxımından əhəmiyyətlidir.

Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan ilə Laos arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Otuz ildən artıq müddətdə formalaşmış siyasi əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası əməkdaşlıq ikitərəfli münasibətlərin möhkəm təməlini təşkil edir. İndi əsas vəzifə bu siyasi yaxınlığı iqtisadi, investisiya, təhsil, nəqliyyat, energetika və humanitar sahələrdə konkret nəticələrlə möhkəmləndirməkdir.

Birgə Bəyanat və imzalanmış sənədlər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. Qarşılıqlı etimadın, siyasi iradənin və praktiki təşəbbüslərin mövcudluğu Azərbaycan-Laos münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə əsas verir. Bu səfər iki dost ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığının şaxələndirilməsi və beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri