19 oktyabr 2026 11:00
156

Azərbaycanın müstəqil xarici siyasətinə və daxili işlərinə müdaxilə yolverilməzdir - ŞƏRH

Son günlər Türkiyənin bəzi media orqanları və sosial media platformaları, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi millət vəkilləri ölkəmizlə bağlı əsassız ittihamlar səsləndiriməkdədir. Onlar Azərbaycan–İsrail münasibətlərini məqsədli şəkildə təhrif edir, guya Fələstin məsələsində mövqeyinin ardıcıl, aydın və prinsipial olmadığını bildirir, ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalar verirlər. Halbuki ölkəmiz İsraillə hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq edir. Fələstin xalqının qanuni hüquqlarını həmişə dəstəkləyir və Fələstinə maliyyə və humanitar yardımlar da göstərir. 

Deməli, Azərbaycanı Fələstin məsələsində prinsipial olmamaqda ittiham etmək üçün heç bir əsas yoxdur. Xarici siyasətdə müstəqil qərarlar qəbul etmək, müxtəlif dövlətlərlə münasibətləri milli maraqlara uyğun qurmaq və beynəlxalq hüquqa əsaslanmaq hər bir suveren dövlətin haqqıdır. Bu haqqı şübhə altına almaq isə tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri ilə uzlaşmır.

Amma bu bir həqiqətdir ki, AK Partinin rəsmi səviyyədə İsraillə ticarət əlaqələrini tamamilə dondurduğunu və ticarətin "sıfır" səviyyəsində olduğunu bəyan etsə də, dəniz nəqliyyatı məlumatları və rəsmi beynəlxalq ticarət statistikaları tamamilə fərqli reallığı ortaya qoyur. Bu mənada demək olar ki, AK Partinin ictimaiyyət qarşısında anti-İsrail şüarları səsləndirir, lakin pərdəarxasında iqtisadi mənfəətlərini davam etdirməkdədir. AK Parti  rəhbərliyi öz hesabatlarında "İsrail" kodunu gizlədərək bu rəqəmləri "gizli ölkə" və ya "Fələstinə yardım" adı altında pərdələməyə çalışır. Azərbaycan öz xarici siyasətində heç vaxt gizli mexanizmlərə əl atmayıb. Bakı həm İsrail ilə, həm də Fələstin dövləti ilə münasibətlərini açıq, şəffaf və beynəlxalq hüquq normaları çərçivəsində yürüdür. Bu mənada gizli sxemlərlə ticarəti davam etdirənlərin Azərbaycana "mənəviyyat və qardaşlıq" dərsi keçməyə mənəvi haqqı yoxdur.

Ölkəmizdə dini etiqad azadlığı Konstitusiya ilə təmin olunub. Bu mənada baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi müsəlman dünyasının həmrəyliyinə xidmət etmir. Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması xüsusilə yolverilməzdir. Yeri gəlmişkən, Azərbaycanda baş örtüyünü ölkə miqyasında qadağan edən ayrıca qərar qəbul edilməyib. Söhbət dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqindən gedir. Bu mənada AK Partinin bəzi nümayəndələrinin atılıb-düşmələri əbəsdir.

Bu məqamda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında söylədiyi bu sözləri xatırlatmaq yerinə düşərdi: “Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”. Bu fikirlər Azərbaycanın dövlətçilik fəlsəfəsinin və müstəqil xarici siyasət kursunun mahiyyətini ifadə edir. Azərbaycan heç bir dövlətin daxili və xarici siyasətinə müdaxilə etmədiyi kimi, öz qərarlarına da kənardan göstəriş verilməsini qəbul etmir. Bu, hansısa ölkəyə qarşı münasibətin göstəricisi deyil, dövlət suverenliyinə və beynəlxalq münasibətlərin fundamental prinsiplərinə əsaslanan mövqedir.

Bütün bunlar Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar doğurub. Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edir. 

Bəli, Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə söykənir. Türkiyə ilə Azərbaycan arasında enerji, nəqliyyat, müdafiə sənayesi və investisiya sahələrində geniş əməkdaşlıq mövcuddur. Azərbaycan SOCAR-ın investisiyaları, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr vasitəsilə Türkiyə iqtisadiyyatına qardaş dəstəyi göstərib. Lakin Türkiyə bu dəstəyə öz xarici siyasətini maliyyələşdirmək üçün bir "təminat aləti" kimi baxmamalıdır. Azərbaycan bütün beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipini daim qoruyur. Çünki müstəqilliyini tarixi sınaqlar qarşısında ağır itkilər hesabına qorumuş Azərbaycanın xarici siyasətinin əsasını hər hansı güc mərkəzinə tabeçilik deyil, milli maraqların qorunması təşkil edir.

Bir daha qeyd edək ki, Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin, o cümlədən AKP-nin haqqı deyil, həddi də deyil. Görünür, AKP rəhbərliyi Azərbaycanı özünün vassalı görmək niyyətindədir. Unutmasınları ki, bu gün Azərbaycan özünün güclü ordusu, şəffaf diplomatiyası olan suveren subyektdir. Bu mənada Bakı heç bir ölkənin "Neo-Osmanizm" xəyallarının Qafqazdakı forpostu ola bilməz. Müstəqil siyasət yürüdən və bu istiqamətdə müəyyən uğurlara imza atan Azərbaycanın "böyük qardaş" diktəsinə ehtiyacı da yoxdur.

Buna görə də AK Partinin bəzi nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərdə daha məsuliyyətli mövqe nümayiş etdirmələri vacibdir. Ayrı-ayrı şəxslərin açıqlamaları bütövlükdə Türkiyə dövlətinin və xalqının mövqeyi kimi təqdim edilməməlidir. Eyni zamanda, hakim siyasi partiyanın nümayəndələrinin bəyanatlarının ictimai rəyə təsiri nəzərə alınmalı, iki qardaş ölkənin münasibətlərinə zərər vura biləcək ifadələrdən çəkinilməlidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”