20 Oktyabr Zəngilan şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan, milli qürur, vətənpərvərlik və ərazi bütövlüyünün bərpası rəmzinə çevrilmiş əlamətdar günlərdən biridir. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasını, Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdış əzmini və dövlətimizin tarixi ədalətin bərpası istiqamətində qazandığı böyük nailiyyəti ifadə edir. Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, strateji coğrafi mövqedə yerləşir. Rayon zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, tarixi abidələri və gözəl təbiəti ilə seçilir. Araz çayı boyunca yerləşən Zəngilan qədim yaşayış məskənlərindən biri olmaqla, Azərbaycanın tarixi və mədəni irsində özünəməxsus yer tutur. Rayonun ərazisində yerləşən tarixi abidələr, qədim yaşayış yerləri və memarlıq nümunələri xalqımızın zəngin keçmişinin mühüm göstəriciləridir. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonu uzun illər ərzində işğalın ağır nəticələri ilə üzləşmişdir. İşğal dövründə şəhər və kəndlər dağıdılmış, yaşayış məntəqələri viran qoyulmuş, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Zəngilan sakinləri doğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur olmuşlar. Buna baxmayaraq, zəngilanlılar doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməmiş, milli kimliklərini və vətənə bağlılıqlarını qoruyub saxlamışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əzmlə mübarizə aparmışdır. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Bu hadisə Vətən müharibəsinin mühüm hərbi-strateji nailiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin təntənəsi kimi tarixə düşmüşdür. Zəngilan şəhərinin azad olunması Azərbaycanın cənub-qərb bölgəsində hərbi-strateji mövqeyinin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşımışdır. Bu qələbə digər ərazilərin azad edilməsi prosesinə mühüm təsir göstərmiş, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına əhəmiyyətli töhfə vermişdir. Zəngilanın azad edilməsi həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin bərpası istiqamətində mühüm addım olmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Zəngilan rayonunda yolların, körpülərin, yaşayış məntəqələrinin və sosial infrastruktur obyektlərinin inşası, elektrik enerjisi və digər kommunikasiya sistemlərinin qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Məqsəd bölgənin iqtisadi potensialını bərpa etmək, əhalinin təhlükəsiz və layiqli yaşayışını təmin etmək, Zəngilanı müasir və inkişaf etmiş yaşayış məkanına çevirməkdir. Zəngilan rayonunun inkişafında Ağalı kəndində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. 2022-ci ildə burada «Ağıllı kənd» layihəsinin birinci mərhələsi istifadəyə verilmişdir. Müasir texnologiyaların tətbiqinə, enerji səmərəliliyinə, ekoloji tarazlığın qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə əsaslanan bu layihə işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf modelinin formalaşdırılması baxımından mühüm nümunədir. Ağalı kəndinin yenidən qurulması Böyük Qayıdış proqramının real nəticələrini əks etdirir.
Zəngilanın gələcək inkişafında nəqliyyat və logistika imkanları da mühüm rol oynayır. Rayonun strateji mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış imkanları və regionda həyata keçirilən infrastruktur layihələri onun iqtisadi əhəmiyyətini daha da artırır. Zəngilan Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də istifadəyə verilməsi şəhərin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf etmiş və bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əlamətdar hadisə olmuşdur. Bu hava limanı Zəngilanın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və regionun iqtisadi potensialının reallaşdırılmasına xidmət edir. 20 Oktyabr – Zəngilan şəhəri günü həm də şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların fədakarlığının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Zəngilanın azadlığı uğrunda döyüşən Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu qələbə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətçilik ənənələrinə sədaqətin möhkəmləndirilməsi və milli birliyin qorunması baxımından mühüm örnəkdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri