17 yanvar 2017 14:37
907

Azərbaycanın bölgədəki geosiyasi mövqeyi daha da möhkəmlənib

Prezident İlham Əliyev: Xaricdən gələn silahlar, pullar, digər yardımlar olmasa,
ermənilər bir həftə ərzində bizim qarşımızda duruş gətirə bilməzlər

2016-cı ildə Azərbaycan dövləti  iqtisadi üstünlüyünü hərbi gücə çevirməklə bölgədəki geosiyasi mövqelərini xeyli möhkəmləndirmişdir. Azərbaycan Ordusu ən müasir döyüş silahları ilə təmin edilməklə  Ermənistanla müqayisədə hərbi gücünü  və döyüş qabiliyyətini xeyli yüksəltmişdir.

Düzdür, ordumuzun ən mükəmməl silahlarla təminatı bəzi ölkələri və beynəlxalq təşkilatları bu gün də narahat edir. Onlar iddia edirlər ki, guya Azərbaycan Silahlı Qüvvələrinin belə geniş miqyasda silahlanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə təhlükə yaradır.

Lakin onların bu iddialarının qərəzli olduğu ilk andaca məlum olur. Ona görə ki, əvvəla, Ermənistan işğalçıdır və Azərbaycan torpaqlarının 20 faizindən çoxunu hələ də işğal altında saxlayır. Bu ölkənin sülh danışıqları altında imitasiya ilə məşğul olması faktı ortadadır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanın Qarabağ danışıqlarında imitasiya ilə məşğul olduğunu bilir və bu riyakarlığı qəbul etmir.

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan Ordusunun şanlı aprel döyüşlərindən sonra  illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi: “Xaricdən gələn silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qarşımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər.”

Azərbaycan Ordusunun ən müasir silahlarla təmin edilməsi təbii ki, yalnız Ermənistanı deyil, həm də beynəlxalq aləmdəki ermənipərəst qüvvələri də narahat edir. Əslində ölkəmizin silahlanması beynəlxalq konvensiyalara tam uyğun aparılır. BMT-nin silahlanmaya dair qəbul etdiyi sənədlərə görə, silahlı qüvvələrdəki şəxsi heyətin sayı dinc dövr üçün  bir milyona 10 min  nəfər hesabı ilə formalaşmalıdır.

Eyni zamanda, silahların kvotasında da bu prinsip qorunmalıdır. Bu mənada, Azərbaycan Ordusunun şəxsi heyətinin və onun malik olduğu silahların sayının çox olması qaydalara uyğundur. Çünki Azərbaycanın əhalisi və ərazisi Ermənistandan 3 dəfə çoxdur. 

Digər tərəfdən, Azərbaycan dövləti müharibə şəraitində olan, torpaqlarını işğaldan azad etməyə hüququ və haqqı olan bir ölkədir. Bizim işğaldakı torpaqlarımızı azad etməyimizi BMT Təhlükəsizlik Şurasının məşhur dörd qətnaməsi də zəruri edir. Həmin qətnamələrdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur.

2016-cı ildə bölgədəki geosiyasi mövqelərimizin möhkəmlənməsinə dair digər önəmli məqam Aprel döyüşlərinin nəticəsinin beynəlxalq təşkilatlar və Avropa ölkələri tərəfindən Azərbaycanın haqlı mübarizəsi kimi tanınmasıdır. Prezident İlham Əliyev çevik və qətiyyətli diplomatiyası ilə dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının Azərbaycana, habelə onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bilib. Azərbaycan Ordusunun bu ilin aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi işğalçı Ermənistanı və onun himayədarlarını təşvişə saldı.

2016-cı il bölgədə Azərbaycanın sahiblik etdiyi qlobal iqtisadi layihələrin reallaşdırılması prosesi davam edib. Xüsusən TANAP-ın və Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi sürətlənib. Bir sözlə, Cənubi Qafqaz Azərbaycan dövlətinin milyardlarla dollarlıq yatırımları ilə dünyanın tranzit bölgəsinə çevrilib.

Elçin Zaman, “İki sahil”