20 oktyabr 2026 11:00
123

Sülhə gedən yol niyə uzanır?

Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində son dövrdə mühüm siyasi və diplomatik addımlar atılıb. Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanması bu prosesin əsas mərhələlərindən biri olub. Bu hadisə iki ölkə arasında münasibətlərin normallaşdırılması, regional əməkdaşlığın genişləndirilməsi və uzun illər davam edən münaqişənin siyasi-diplomatik yollarla başa çatdırılması üçün yeni imkanlar yaradıb.

Əldə edilmiş irəliləyişlərə baxmayaraq, yekun sülh sazişinin imzalanması hələ də gündəmdədir. Sülh prosesinin qarşısında duran əsas məsələlərdən biri Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalarla bağlı rəsmi Bakının irəli sürdüyü tələblərdir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, davamlı sülhün təmin olunması üçün iki dövlət arasında münasibətlərin hüquqi əsasları qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması prinsiplərinə uyğun olmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər yeni Konstitusiyanın qəbul edilməsi məsələsini 2026-cı ilin sonu və 2027-ci ilin əvvəli ilə əlaqələndirirdi. Konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi də ölkənin siyasi gündəliyində yer alırdı. Paşinyan bu günlərdə Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana və ratifikasiya edilə biləcəyinə dair açıqlaması ilə gündəmə gəlib.  Ermənistanın baş naziri deyib: “2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini imzalayıb, ratifikasiya etməyi qarşıma məqsəd qoymuşam”.

Qeyd edək ki, əgər yekun sülh sazişinin imzalanması həqiqətən də 2031-ci ilədək təxirə salınarsa, bu, artıq əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsinin ləngiməsi demək olacaq. Halbuki tərəflər arasında münasibətlərin normallaşdırılması üçün mühüm diplomatik zəmin formalaşıb. Belə bir şəraitdə sülhün reallaşmasını uzaq gələcəyə hesablanan hədəfə çevirmək regionda yeni əməkdaşlıq imkanlarının yaranmasını da gecikdirə bilər.

Paşinyan bir tərəfdən sülh sazişinin əhəmiyyətindən, regional kommunikasiyaların açılmasının zəruriliyindən və Ermənistanın iqtisadi inkişaf perspektivlərindən danışır, digər tərəfdən isə müqavilənin imzalanması üçün 2031-ci ili hədəf göstərir. Bu yanaşma onun bəyan etdiyi məqsədlərlə irəli sürdüyü zaman çərçivəsi arasında müəyyən uyğunsuzluq yaradır.

Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ilk növbədə, Ermənistan üçün ciddi iqtisadi və regional imkanlar yarada bilər. Uzun illər davam edən qarşıdurma, nəqliyyat kommunikasiyalarının məhdudluğu və qonşu dövlətlərlə iqtisadi əlaqələrin zəifliyi Ermənistanın regional iqtisadi proseslərdə iştirakına mənfi təsir göstərib. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması isə Ermənistanın nəqliyyat marşrutlarına çıxışını genişləndirmək, ticarət əlaqələrini inkişaf etdirmək və regional layihələrdə iştirak imkanlarını artırmaq potensialına malikdir.

Azərbaycan üçün də regionda davamlı sülhün bərqərar olması mühüm əhəmiyyət daşıyır. Lakin Azərbaycanın hazırkı mövqeyini müəyyən edən əsas reallıqlardan biri onun ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsidir. Azərbaycan 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində öz suverenliyini bütün ərazisində təmin edib. Bu baxımdan rəsmi Bakı üçün sülh sazişi münaqişədən sonrakı münasibətlərin hüquqi əsaslarının müəyyənləşdirilməsi, qarşılıqlı suverenliyin tanınması və regionda uzunmüddətli sabitliyin təmin olunması vasitəsidir.

Paşinyanın 2031-ci ilədək sülh sazişini imzalamaq və ratifikasiya etmək niyyətini açıqlaması bir sıra suallar doğurur. Əgər sülh Ermənistanın gələcəyi üçün bu qədər əhəmiyyətlidirsə, onun imzalanması və ratifikasiyası niyə 2031-ci ilədək uzadılmalıdır? Bu tarix real siyasi zərurətdən irəli gəlir, yoxsa Ermənistan rəhbərliyinin daxili və xarici siyasi hesablamaları ilə bağlıdır? Şübhəsiz, bu sualların cavablarını Ermənistan hökumətinin növbəti addımlarından sonra almaq mümkün olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”