20 oktyabr 2026 10:01
114

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

Zəngilan rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb. İşğal Zəngilanın sosial-iqtisadi həyatına ağır zərbə vurub. Yaşayış məntəqələri, infrastruktur obyektləri, təhsil və mədəniyyət müəssisələri dağıdıldı, tarixi və dini abidələrə ciddi ziyan dəyib. XIX əsrə aid Zəngilan şəhər məscidinin tövlə kimi istifadə edilməsi erməni vandalizminin acı nümunələrindən biridir. Rayonun tarixi memarlıq abidələri, qədim yaşayış məskənləri, türbələri, sərdabələri və digər mədəni irs nümunələri də işğal dövründə zərər görüb. Lakin bütün bu faciələr Zəngilanın tarixi yaddaşını və sakinlərinin doğma torpaqlarına qayıtmaq iradəsini sarsıda bilmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi tarixi Zəfərlə başa çatdı. Cəbrayıl istiqamətində əldə edilən qələbə Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati sərhədlərinə çatmasına imkan yaratdı. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Sonrakı döyüşlər nəticəsində rayonun dörd qəsəbəsi və 49 kəndi azad olundu.

Zəngilanın azad edilməsi hərbi-strateji baxımdan da mühüm nəticələr doğurdu. Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış təxminən 132 kilometrlik hissəsi bərpa edildi. Beləliklə, Azərbaycanın cənub sərhədlərində suveren nəzarətin yenidən təmin olunması ilə yanaşı, rayonun gələcək iqtisadi inkişafı və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün də yeni imkanlar yarandı. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı ilə rayonun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş 6974 hərbi qulluqçunun təltif olunması bu tarixi Qələbənin qəhrəmanlıq salnaməsində xüsusi yerini təsdiqləyir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən edildi. Bu tarix hər il xalqımızın qəhrəmanlığını, Zəfərimizi, dövlətimizin gücünü və doğma torpaqların azadlığı uğrunda mübarizənin tarixi əhəmiyyətini xatırladır.

Zəngilanın azad edildikdən sonra yenidən qurulması Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının 2020-ci ilin dekabrından başlayaraq Zəngilana mütəmadi səfərləri, burada infrastruktur layihələrinin təməllərinin qoyulması, yeni obyektlərin açılışlarında iştirakı və görülən işlərlə tanışlığı rayonun inkişafının dövlət siyasətindəki prioritet yerini göstərir.  Zəngilanın Azərbaycanın cənub-qərbində yerləşməsi onun geosiyasi və geoiqtisadi əhəmiyyətini müəyyən edən başlıca amillərdəndir. Əlverişli coğrafi mövqe Zəngilana həm ölkədaxili iqtisadi əlaqələrin genişləndirilməsi, həm də Azərbaycanı qonşu dövlətlərlə və daha geniş regionlarla birləşdirən nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından mühüm üstünlüklər qazandırır. Zəngilanın gələcək inkişafını müəyyən edən əsas istiqamətlərdən biri onun nəqliyyat və logistika imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri Zəngilan Beynəlxalq Hava Limanıdır. Hava limanı 2022-ci il oktyabrın 20-də istifadəyə verilib. Müasir texniki imkanlara malik bu infrastruktur obyekti rayonun beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi, işgüzar səfərlərin təşkili, turizmin inkişafı və yükdaşımaların perspektivlərinin artırılması baxımından əhəmiyyətlidir. Hava limanının mövcudluğu Zəngilanın regional nəqliyyat sistemindəki mövqeyini gücləndirir və azad edilmiş ərazilərə investisiya cəlb edilməsi üçün əlavə imkanlar yaradır.

Digər mühüm layihə Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yoludur. Ümumi uzunluğu 126,3 kilometr nəzərdə tutulan bu magistral yol azad edilmiş ərazilərin ölkənin digər bölgələri ilə əlaqəsini yaxşılaşdırmaqla yanaşı, Zəngilanın sərhədyanı və tranzit funksiyalarını da gücləndirəcək. Yolun inkişafı regionda yükdaşımaların sürətlənməsinə, istehsal və ticarət obyektlərinin bazarlara çıxışının asanlaşmasına, yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər.

Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın dəmir yolu şəbəkəsinin genişləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu xətt həm sərnişin daşımaları, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daşınması üçün mühüm infrastruktur olacaq. Dəmir yolunun Ağbənd istiqamətinə uzanması Arazboyu ərazilərin iqtisadi fəallığını artırmaq və sərhədyanı logistika imkanlarını genişləndirmək potensialına malikdir. Zəngilanın strateji əhəmiyyəti regional kommunikasiyaların inkişafı ilə daha da artır. Zəngəzur dəhlizi çərçivəsində müzakirə olunan və həyata keçirilməsi nəzərdə tutulan əlaqələrin reallaşması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının təmin edilməsi baxımından mühüm rol oynayacaq. Bu prosesdə Zəngilan və Ağbənd istiqaməti xüsusi mövqeyə malikdir. Beləliklə, avtomobil yolları, dəmir yolu və beynəlxalq hava limanının vahid nəqliyyat sistemində birləşdirilməsi Zəngilanın yalnız tranzit ərazi kimi deyil, həm də logistika, anbar təsərrüfatı, emal sənayesi və beynəlxalq ticarət xidmətlərinin cəmləşdiyi iqtisadi mərkəz kimi inkişafına zəmin yaradır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı Zəngilanın inkişafında yeni mərhələnin başlanğıcıdır.  2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Bu rəqəmlər doğma yurda qayıdış prosesinin mərhələli şəkildə davam etdiyini və rayonun yaşayış məntəqələrində həyatın bərpa olunduğunu göstərir. Zəngilanın inkişaf tarixində Ağalı kəndinin xüsusi yeri var. Azərbaycanın ilk “Ağıllı kənd” layihəsi kimi tanınan Ağalı beynəlxalq təcrübəyə əsaslanan müasir yaşayış və xidmət modelinin tətbiqi baxımından mühüm nümunədir. Ağalıda yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə, məşğulluq və digər sosial xidmətlər üçün infrastruktur yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yüksəksürətli internet şəbəkəsi, elektron xidmətlər, rəqəmsal müşahidə sistemləri və müasir idarəetmə həlləri kəndin gündəlik həyatının mühüm hissəsini təşkil edir. Zəngilanın bərpası planlı şəhərsalma yanaşmasına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin gələcək məkan quruluşunu, yaşayış sahələrinin genişləndirilməsini və infrastrukturun inkişaf istiqamətlərini müəyyən edir. Zəngilanın işğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni irsinin bərpası rayonun yenidən qurulmasının mühüm istiqamətlərindəndir. Zəngilan şəhər məscidinin bərpası bu istiqamətdə görülən işlərin diqqətəlayiq nümunəsidir. İşğal dövründə ciddi zərər görmüş XIX əsrə aid tarixi məscidin konservasiyası ilə yanaşı, onun yaxınlığında yeni məscid binası inşa edilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlər dini-mədəni irsin qorunmasına və şəhərin mənəvi həyatının yenidən canlanmasına xidmət edir. Bu gün Zəngilanın qarşısında duran əsas imkan onun coğrafi mövqeyinin yaratdığı üstünlükləri müasir infrastruktur, iqtisadi əməkdaşlıq və insan kapitalı ilə birləşdirməkdir.  20 oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın tarixi yaddaşında azadlığın, qəhrəmanlığın və doğma yurda qayıdışın rəmzidir.  

Ramil Nəbiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı