19 oktyabr 2026 17:20
198

Azərbaycanın daxili işlərinə kənardan müdaxilənin arxasındakı HƏDƏF NƏDİR?

Aydın Quliyev: AKP iqtidarı üçün Azərbaycanda hicab məsələsi üzlərinə tutduqları şirmadır. Bütün bunlar ona indi sırf seçki kontekstində hava-su kimi lazımdır. Onları həqiqi İslam dəyərləri maraqlandırmır. AKP başqadır, qardaşımız Türkiyə dövləti başqadır. Məgər AKP-dən qabaq Türkiyə-Azərbaycan qardaşlığı yox idi?!

Azərbaycan dövləti daxili siyasətinə aid bütün məsələləri, o cümlədən hicab mövzusunu öz cəmiyyəti ilə özü sivil qaydada həll edəcək. Kimsənin kənardan müdaxiləsinə ehtiyac yoxdur. Azərbaycan və Türkiyə münasibətləri kontekstində isə rəsmi səviyyədə hər iki dövlət bir-birinin daxili işlərinə qarşılıqlı hörmət nümayiş etdirməlidir. Çox təəssüf ki, son zamanlar Türkiyədə son zamanlar bəzi AKP üzvlərinin ölkəmizlə başlı çıxışları, səsləndirdikləri məsuliyyətsiz fikirlər, əsassız iddialar, haqlı olaraq Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb olur. Bu üzdən iqtidar partiyasının bəzi üzvlərinin yersiz ittihamlarına son qoyulmalı, media platformalarında ölkəmizin əleyhinə aparılan təbliğat dərhal dayandırılmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil və suveren dövlətdir. Respublikamızın daxili işlərinə kənardan müdaxilə yolverilməzdir.

Siyasi şərhçi, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün çox təhlükəli görünən yeni “cümhurbaşqanı seçkiləri” yaxınlaşdıqca AKP iqtidarı həm daxildə siyasi repressiyaları gücləndirir, həm də “külli-cahanı siyasi islamçılığa bürətdəmək kimi eyforiyanı” qızışdırırlar: “Elə bilirsiniz AKP iqtidarından, şəxsən R.T.Ərdoğanın yaxın çevrəsindən Azərbaycana basqılar həqiqi İslam dini, onun dəyərləri ilə bağlıdır? Azərbaycanda qadın hüquqlarından danışmaq AKP iqtidarının indi niyə yadına düşüb? Zatən Türkiyədə seçkidə “üstü-başı örtülü dindarlardan” başqa söykənə biləcəyi heç bir qüvvə qalmayıb, neçə dəfə məhz seçki xatirinə aldatdığı kürd xalqından da əhəmiyyətli seçki dəstəyi ala biləcəyi təxmin edilmir. Ölkədə seçicilərin mütləq çoxluğunun AKP iqtidarından bezdiyini ancaq siyasi korlar və AKP iqtidarından “süd əmciyi” tutanlar görməyə bilər. Zatən 2023-cü ildəki son prezident seçkilərində Ərdoğan müxalifət hesab olunan namizəddən cəmi bir neçə yüz min artıq səs almışdı. Ötən 3 ildə AKP-nin ictimai dəstəyinin daha da kiçildiyinə inanmayanların ağlına şübhə edirəm”.

A.Quliyev qeyd etdi ki, hicab ölkəmizdə böyük bir kəsimin dini dəyərinə çevrilib. Heç kim onu qadağan etmir. Sadəcə məktəbli forması kimi zəruri bir kurs aparılır. AKP iqtidarının gücü yetsə Azərbaycanla yanaşı, Mərkəzi Asiya türk dövlətlərində də “hicab vızılı-vızanı” salar. Çünki bütün bunlar ona indi sırf seçki kontekstində hava-su kimi lazımdır: “Soruşarsınız ki, seçkidə Türkiyə vətəndaşları səs verəcəksə, azərbaycanlıların bura nə dəxli var? Bəli, haqlı sualdır… Biz də soruşuruq ki, AKP iqtidarı öz müsəlmanlarının problemlərini həll etdi ki, böyük hay-küylə indi də bütün Şərq müsəlmanlarının müdafiəsinə qalxıb? Siz İslam xəlifəsisiniz? Şərq müsəlmanlarının müdafiəsi üçün əməlli bir iş görsəydilər, üstündən keçmək olardı. Ancaq boş-boş çığırtılardan, şüarçı hay-küydən, oğlunu Türkiyəyə yeni prezident kimi sırımaq məqsədindən gələn bir neçə milyonluq Qalata körpü yürüşlərindən başqa nə etdilər? Soruşuruq ki, Türkiyə cəmiyyətinin qızıl enerjisini öz hakimiyyət maraqlarınız üçün belə ucuz xərcləmək haqqını sizlərə kim verib?! Axı o mənasız mitinqlərdə yandırılan kütləvi siyasi enerji türk xalqının sərvətidir...

Siyasi şərhçinin qənatəinə görə, AKP iqtidarı bu gün Türkiyənin bütün çevrə ölkələrində Türkiyənin himayəsi altında guya İslama kütləvi bağlanış hərəkatının başladığı görüntüsü yaratmaqla həm özünü bəyan olunmamış “Xilafət dövləti” kimi göstərir, həm də bu dalğanın toz-dumanı içində Türkiyədə dindar kəsimin sayını artırmaqla prezident seçkilərini udmaq istəyir. Azərbaycana hicab müdaxiləsinin arxasındakı hədəf budur: “Dediyimiz və tələbimiz budur ki, Türkiyədə emosional siyasi İslam dalğasında həll etmək istədiyiniz hakimiyyət məsələsinə bizi - Azərbaycanı cəlb etməyə çalışmayın... Öz əlinizi öz başınıza çəkin. Bizim qiymətli dindarlarımız da bilsinlər ki, AKP iqtidarı üçün Azərbaycanda hicab məsələsi üzlərinə tutduqları şirmadır. Onları həqiqi İslam dəyərləri maraqlandırmır”.

 A.Quliyev onu da vurğuladı ki, ölkəmizdə R.T.Ərdoğanın seçki təbliğatına qoşulanlar isə unutmasınlar ki, bura Azərbaycandır, Azərbaycanda başqa bir dövlət başçısının seçki təbliğatını aparmaq çox əndrəbadi görünür: “AKP başqadır, qardaşımız Türkiyə dövləti başqadır. Məgər AKP-dən qabaq Türkiyə-Azərbaycan qardaşlığı yox idi?! Atatürkün dövründə bu qardaşlıq yox idi ki?! Var idi, həm də necə var idi… Süleyman Dəmirəlin prezidentliyi dövründə qardaşlıq yox idi ki?! Var idi... 95-ci ildə baş nazir Tansu Çillər Azərbaycanda uğursuz dövlət çevrilişinə baş vuranda da qardaşlıq pozulmadı ki… Sadəcə Tansunun iqtidarı getdi... Qardaşlıq isə qaldı... Yenə belə olacaq. AKP iqtidarı gəldi və gedəcək. Ancaq Azərbaycan-Türkiyə qardaşlığı əbədi qalacaq-orada da, burada da qanımızda türk qanı axacaq qədər”.

 Zahid Rza, “İki sahil”