20 oktyabr 2026 11:24
102

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yüksək sürət və qayda pozuntusu faciəyə səbəb oldu

Ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

“İki sahil” xəbər verir ki,  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, qəza nəticəsində xəsarət alan sərnişin - sürücünün həmyerlisi 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü E.Məhərrəmovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün ötmə əməliyyatını yerinə yetirərkən qaydalara riayət etməməsi göstərilir.

“Hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, əməl etməyə borclu olduğumuz yol hərəkəti qaydalarına biganə yanaşmamağa, sükan arxasında məsuliyyətsizliyin hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa çağırırıq”, -deyə BDYPİ-nin məlumatında qeyd edilib.