21 oktyabr 2026 22:19
175

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

İtaliya və Azərbaycan arasında iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də yaxın vaxtlarda Bakıda keçiriləcək ikitərəfli Biznes Forumuna hazırlıq məsələləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib.

Onun sözlərinə görə, bununla bağlı Romada İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") qərargahında görüş keçirilib.

Görüşdə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müəssisələr və "Made in Italy" naziri Adolfo Urso, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin nümayəndələri iştirak ediblər.

M. Traldi qeyd edib ki, görüş İtaliya şirkətləri üçün Azərbaycan bazarının təklif etdiyi əməkdaşlıq imkanlarını daha dərindən öyrənmək baxımından mühüm fürsət yaradıb.

Yaxın vaxtlarda Bakıda keçiriləcək ikitərəfli Biznes Forumunun iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir.