23 oktyabr 2026 09:44
181

Qubadlı – doğma torpağa qayıdışın və ümidlərin ünvanıdır

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu fikirləri Qubadlının azad edilməsinin tarixi-siyasi əhəmiyyətini və xalqımızın milli iradəsini dolğun şəkildə ifadə edir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın Zəfər tarixinin mühüm səhifəsi, tarixi ədalətin bərpasının və doğma yurda qayıdışın rəmzidir.

Qubadlı mənim üçün yalnız Azərbaycanın xəritəsində yer alan bir rayon deyil. Bura mənim doğulduğum, köklərimin bağlı olduğu, xatirələrimin və mənəvi dünyamın ayrılmaz parçasıdır. Doğma yurdumun işğalını, insanların illərlə davam edən həsrətini və nəhayət, azadlığa qovuşmasını dəyərləndirərkən bu hadisələrin siyasi və tarixi əhəmiyyəti ilə yanaşı, onların şəxsi və mənəvi məzmununu da dərindən hiss edirəm. Qubadlının azadlığı mənim üçün milli qürur, tarixi ədalətin təntənəsi və doğma torpağın dirçəlişinə olan inamın ifadəsidir.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı zəngin təbiəti, münbit torpaqları, meşələri və su ehtiyatları ilə seçilir. Həkəri və Bərgüşad çaylarının hövzəsində yerləşən rayon tarixən əkinçilik, heyvandarlıq və tütünçülük ənənələri ilə tanınıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar ərazilər, eləcə də təbii sərvətlər rayonun iqtisadi inkişafı üçün geniş imkanlar yaradıb. Bununla belə, Qubadlının ən böyük sərvəti onun insanları, milli-mənəvi dəyərləri və doğma yurda sarsılmaz bağlılığıdır.

1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Qubadlı ağır humanitar və sosial itkilərə məruz qaldı. Təxminən 30 min rayon sakini doğma yurdunu tərk edərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, inzibati və sosial obyektlər, mədəniyyət müəssisələri, məscidlər, körpülər və mühəndis-kommunikasiya infrastrukturu dağıdıldı və ya yararsız vəziyyətə salındı. Bu rəqəmlərin arxasında minlərlə insanın taleyi, doğma evindən ayrı düşmüş ailələrin nisgili və illərlə davam edən qayıdış ümidi dayanır. Məcburi köçkünlük Qubadlı sakinlərini doğma torpaqdan uzaq salsa da, onların yurd sevgisini zəiflədə bilmədi. Qubadlıya qayıtmaq arzusu nəsildən-nəslə ötürülərək milli yaddaşın ayrılmaz hissəsinə çevrildi. İşğal dövründə Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti də beynəlxalq humanitar hüququn prinsiplərinə zidd idi. İşğalçı dövlətin öz mülki əhalisini işğal olunmuş ərazilərə köçürməsi beynəlxalq hüquqla qadağan edilir. Azərbaycan isə bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasını özünün dəyişməz siyasi prioriteti kimi müəyyənləşdirərək beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu. Dövlətimizin ardıcıl siyasəti, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, iqtisadi potensialımızın gücləndirilməsi və müasir ordu quruculuğu Azərbaycanın tarixi Zəfərinə zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın öz torpaqlarını azad etmək əzmini və dövlətimizin suveren hüquqlarını bərpa etmək qətiyyətini nümayiş etdirdi. Qubadlı uğrunda döyüşlər müharibənin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Şəhərin mürəkkəb relyefi və strateji yüksəkliklərdə qurulmuş müdafiə mövqeləri əməliyyatın yüksək peşəkarlıqla aparılmasını tələb edirdi. Azərbaycan Ordusu əvvəlcə şəhərə hakim yüksəklikləri və ətraf yaşayış məntəqələrini nəzarətə götürdü, 2020-ci il oktyabrın 25-də isə Qubadlı şəhəri işğaldan azad edildi. Noyabrın 9-dək rayonun daha 41 kəndinin azad olunması bu istiqamətdə əldə edilən hərbi uğurların miqyasını təsdiqlədi. Qubadlının azad edilməsi Azərbaycanın hərbi-strateji üstünlüyünü möhkəmləndirərək Vətən müharibəsinin sonrakı gedişinə mühüm təsir göstərdi. Bu qələbə Azərbaycan Ordusunun döyüş hazırlığının, hərbçilərimizin peşəkarlığının və qəhrəmanlığının parlaq təzahürü oldu.

Qubadlı uğrunda qazanılan Zəfər şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı hesabına əldə edildi. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçuların təltif olunması dövlətimizin Vətən qarşısında xidmətlərə verdiyi yüksək qiymətin ifadəsidir.

Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı Azərbaycan bayrağını ucaltması şəhərdə dövlət suverenliyinin bərpasını təcəssüm etdirən tarixi hadisə oldu. Sonrakı səfərlər və həyata keçirilən layihələr isə azad edilmiş ərazilərin bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərdi. 2021-ci il oktyabrın 25-də “Qubadlı” yarımstansiyasının açılışı, Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi rayonun dirçəldilməsi istiqamətində mühüm addımlar idi. Sonrakı illərdə enerji, su təsərrüfatı, nəqliyyat və sosial infrastruktur layihələri ilə yanaşı, yaşayış məhəllələrinin, məktəbin, xəstəxananın və kəndlərin yenidən qurulmasına başlanıldı. Qubadlının bərpası yalnız dağıdılmış tikililərin yenidən inşası demək deyil. Əsas məqsəd insanların doğma torpaqlarına qayıtması, burada təhlükəsiz yaşaması, işləməsi və keyfiyyətli sosial xidmətlərdən yararlanması üçün müasir şərait yaratmaqdır. Bu baxımdan Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişini təmin edən strateji dövlət siyasətinin mühüm istiqamətidir. 2025-ci il sentyabrın 9-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi şəhərin gələcək inkişafının uzunmüddətli və sistemli əsaslarla planlaşdırılması baxımından əhəmiyyətlidir. Baş plan müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühitinin və infrastrukturun formalaşdırılması üçün əsas yaradır. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi bu prosesin mühüm mərhələsidir. Ümumi sahəsi 3,34 hektar olan ərazidə 21 yaşayış binasının və 176 mənzilin inşası nəzərdə tutulur. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması da rayonun yaşayış məntəqələrinin bərpasına, kənd həyatının dirçəldilməsinə və əhalinin doğma yurdlarına qayıdışına xidmət edir. İnfrastruktur layihələri Qubadlının gələcək iqtisadi inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi və rayonun Azərbaycanın ümumi enerji sisteminə inteqrasiyası dayanıqlı elektrik təchizatı üçün zəruri baza yaradıb. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi və yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi isə nəqliyyat əlaqələrinin genişləndirilməsinə, iqtisadi fəallığın artmasına və regionun inkişafına töhfə verəcək. Rayonun gələcək iqtisadi potensialı kənd təsərrüfatının, heyvandarlığın, sahibkarlığın və emal sahələrinin inkişafı ilə sıx bağlıdır. Təbii ehtiyatlardan səmərəli istifadə, yeni iş yerlərinin yaradılması, ekoloji tarazlığın qorunması və müasir texnologiyaların tətbiqi Qubadlının dayanıqlı inkişafının əsas şərtləridir. Məqsəd yalnız insanların doğma torpağa qayıtmasını deyil, onların burada firavan həyat qurmasını təmin etməkdir. Qubadlının dirçəlişi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və suveren inkişaf strategiyasının real nəticələrini də nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin qayıdışının təmin edilməsi ölkəmizin sülhə, sabitliyə və dayanıqlı inkişafa verdiyi önəmi göstərir. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi müəyyən edilməsi bu tarixi qələbənin milli yaddaşımızda əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix hər il qeyd olunarkən həm Azərbaycan Ordusunun qəhrəmanlığını, həm də dövlətimizin azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətini ehtiramla xatırlayırıq. Qubadlıda doğulmuş bir insan kimi mənim üçün doğma yurdumuzun yenidən dirçəlməsini görmək xüsusi mənəvi məna daşıyır. Hər yeni yaşayış binası, salınan yol və yaradılan sosial obyekt Qubadlıya qayıdış ümidinin gerçəkləşməsinə xidmət edir. Ən böyük arzum doğma torpağımızın yenidən insanların gülüşü ilə canlanması, məktəblərində uşaqların səsinin eşidilməsi, ailələrin öz evlərində əmin-amanlıq içində yaşamasıdır. İnanıram ki, zəngin tarixi, təbii gözəlliyi və əməksevər insanları ilə seçilən Qubadlı Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevriləcək. Burada yeni nəsillər doğulacaq, təhsil alacaq, çalışacaq və doğma yurdun gələcəyinə öz töhfələrini verəcəklər. 25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin təntənəsidir. Bu gün Qubadlı azaddır, Azərbaycan bayrağı doğma torpağımızda dalğalanır və quruculuq işləri davam edir. Qubadlıya öz sahiblərinin qayıtması tarixi ədalətin bərpası ilə yanaşı, gələcəyə inamımızın da ifadəsidir. Doğma Qubadlımız abadlaşsın, kəndlərimiz və şəhərimiz yenidən canlansın, sakinlərimiz öz yurdlarında firavan yaşasınlar. Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim uca tutulsun. Doğma torpağımızın dirçəlişi Azərbaycanın əbədi Zəfərinin və milli həmrəyliyimizin parlaq təcəssümü olsun!

Tahir Mirkişili,

Milli Məclisin deputatı