23 oktyabr 2026 10:04
113

Qaradağ rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Oktyabrın 22-də Lökbatan qəsəbəsi 139 nömrəli tam orta məktəbin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatına daxil olan təhsil və mədəniyyət müəssisələri üzrə ərazi partiya təşkilatları nümayəndələrinin iştirakı ilə partiyanın VIII Qurultayında Prezident, YAP Sədri cənab İlham Əliyevin niqtindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayının nümayəndəsi İlqar İlyasov, Qurultay nümayəndəsi, Seymur Orucov küçəsi 20 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Çərkəz Əliyeva, Lökbatan qəsəbəsində yerləşən Seymur Orucov küçəsi 5 (Heydər Əliyev Mərkəzi), Seymur Orucov küçəsi 23A (Mərkəzləşmiş Kitabxana sistemi), Lökbatan qəsəbəsi II massiv, II keçid (233 №-li tam orta məktəb), Nizami küçəsi 1 (139 №-li tam orta məktəb), B.Niftəliyev küçəsi 5 (288 №-li tam orta məktəb), Seymur Orucov küçəsi 3 (9 saylı Uşaq Musiqi Məktəbi), B.Niftəliyev 5A (V.əsədov adına körpələr evi - uşaq bağçası), Nizami küçəsi 4 (166 saylı tam orta məktəb), Seymur Orucov 23 (Ə.Əmirov adına Mədəniyyət sarayı), Nizami küçəsi 3 (“Çiçək” uşaq bağçası) və Qobu park (344 saylı uşaq bağçası-körpələr evi) ünvanları üzrə ərazi partiya təşkilatlarının sədrləri, üzvləri və fəallar iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov tədbiri açaraq Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərini və qarşıda duran əsas vəzifələri əks etdirdiyini bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan güclü, müstəqil siyasət yeridən və beynəlxalq səviyyədə nüfuz qazanmış dövlətə çevrilib. Bu gün keçirilən görüşün əsas məqsədi cənab Prezidentin Qurultaydakı çıxışında irəli sürdüyü məsələlərin YAP üzvləri və fəallar tərəfindən dərindən öyrənilməsi və geniş təşviqidir.

Tədbirdə çıxış edən Nizami küçəsi 1 (139 №-li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Vüsal Süleymanlı qurultayın siyasi əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixində əldə edilmiş nailiyyətlərdən və YAP-ın cəmiyyətin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, partiya üzvlərinin, xüsusilə müəllimlərin dövlətçilik prinsiplərinin və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin təbliğində fəal iştirak etmələrinin vacibliyini vurğulayıb.

Seymur Orucov küçəsi 5 (Heydər Əliyev Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi Çərkəz Əliyeva tədbirdə çıxış edərək milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin tərbiyəsində mədəniyyət müəssisələrinin roluna toxunub. Ailə, məktəb və ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsinin, gənclərə milli tariximizin və dövlətçilik ənənələrimizin aşılanmasının əhəmiyyətini qeyd edən Qurultay nümayəndəsi bu məqsədlə real nəticə verəcək layihələrin, müxtəlif formalı tədbirlərin tışkilinin zərurliyini qeyd edib.

Tədbirdə çıxış edən YAP fəalı, 344 saylı körpələr evi – uşaq bağçasının direktoru Günay Həsənova bildirib ki, məktəbəqədər təhsil müəssisələri uşaqların şəxsiyyət kimi formalaşmasında, onların ilkin bilik və bacarıqlara yiyələnməsində, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Günay Həsənova vurğulayıb ki, YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr hər bir sahədə olduğu kimi, təhsil sahəsində çalışan əməkdaşların da üzərinə mühüm məsuliyyət qoyur. Biz öz fəaliyyətimizdə dövlətimizin inkişaf strategiyasını əsas tutmalı, uşaqların hərtərəfli inkişafına töhfə verməli, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırmalıyıq.

Tədbirdə Prezident, YAP Sədri cənab İlham Əliyevin VIII Qurultayda toxunduğu məsələlər barədə ətraflı məlumat verən partiyanın rayon təşkilatının sədri İlqar İlyasov vurğulayıb ki, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi inkişafın davam etdirilməsi əsas prioritetlər olaraq qalır.

Rayon təşkilatının sədri ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və gələcək inkişafın təmin edilməsi üçün iqtisadi sabitliyin, əhalinin sosial rifahının yüksəldilməsinin vacibliyini vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış prosesinin Azərbaycanın iqtisadi imkanlarını və müstəqil inkişaf potensialını nümayiş etdirdiyini bildirib.

İlqar İlyasov ideoloji təhlükəsizliyin təmin olunmasının, xüsusilə uşaqların və gənclərin zərərli informasiya və ideoloji təsirlərdən qorunmasının mühüm vəzifə olduğunu qeyd edərək bu istiqamətdə ailə, məktəb və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin, milli-mənəvi dəyərlərin, dini dözümlülük və multikulturalizm ənənələrinin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, maarifləndirmə tədbirləri formal xarakter daşımamalı, real ehtiyaclara və konkret nəticələrə əsaslanmalıdır.

Tədbirdə həmçinin Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması, ideoloji maarifləndirmə işinin gücləndirilməsi və aidiyyəti qurumların bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.