23 oktyabr 2026 11:39
100

4SİM yerli müəssisələri SOCAR Karbamid Zavodunun texnoloji transformasiya təcrübəsi ilə tanış edib

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin nümayəndələri SOCAR Karbamid Zavodunda tətbiq edilən qabaqcıl texnoloji həllərlə və onların istehsalın səmərəliliyinə təsiri ilə yerində tanış olublar.

“İki sahil” xəbər verir ki,  “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçıları üçün Sumqayıt Sənaye Parkında yerləşən SOCAR Karbamid Zavoduna təcrübə mübadiləsi səfəri təşkil olunub. Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və SOCAR-ın əməkdaşlığı çərçivəsində keçirilib.

Səfərin məqsədi yerli müəssisələrin istehsal proseslərinin avtomatlaşdırılması və texnoloji və yaşıl transformasiya üzrə qabaqcıl təcrübə ilə tanış olması, texnoloji həllərin praktiki nəticələrini yerində müşahidə etməsi və hazırlanmış transformasiya yol xəritələrinin icrasına dəstək göstərilməsi olub.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov və İZİA-nın Rezidentlərə  dəstək və koordinasiya şöbəsinin Rezidentlərlə iş bölməsinin müdiri Amir Məmmədov yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılması, istehsal proseslərində müasir texnologiyaların tətbiqi və qabaqcıl təcrübələrin paylaşılması sənayenin texnoloji transformasiyasının sürətləndirilməsi baxımından belə təcrübə mübadiləsi səfərlərinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, 18 müəssisənin qoşulduğu proqram çərçivəsində şirkətlərin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və fərdi transformasiya yol xəritələri hazırlanıb. Proqram çərçivəsində 300-dən çox tətbiq ssenarisi qiymətləndirilib, 104 həll müəssisələr tərəfindən prioritetləşdirilərək icraya yönəldilib. “SOCAR Karbamid” kimi qabaqcıl müəssisələrin təcrübəsi ilə tanışlıq bu yol xəritələrində nəzərdə tutulan texnoloji həllərin tətbiqinə dair daha əsaslandırılmış qərarların qəbuluna imkan yaradır.

SOCAR Karbamid zavodunun direktoru Kutay Durna müəssisənin fəaliyyəti, istehsal proseslərinin avtomatlaşdırılması və həyata keçirilmiş texnoloji transformasiya tədbirləri barədə təqdimatla çıxış edib. Bildirilib ki, zavodda 42 rəqəmsal həllin tətbiqi nəticəsində istehsal həcmi 21% artıb, təbii qazdan istifadənin səmərəliliyi isə 24% yüksəlib. Əldə olunan nəticələr zavodun 2026-cı ildə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı texnologiyalarının uğurlu tətbiqi ilə fərqlənən qabaqcıl istehsal müəssisələrini birləşdirən “Qlobal Mayak” Şəbəkəsinə (Global Lighthouse Network) qəbul olunmasına imkan yaradıb və “Qlobal Mayak” mükafatına layiq görülüb.

Təqdimatda həmçinin SOCAR Karbamid və SOCAR Polymer müəssisələrinin iştirakı ilə Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri barədə məlumat verilib. Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” (Transitioning Industrial Clusters) təşəbbüsü çərçivəsində yaradılan klasterin istehsal xərclərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu istehsal hədəfləri barədə məlumat verilib.

Daha sonra iştirakçılar zavodun istehsalat sahələrində baxış keçirərək texnoloji proseslər və onların idarə edilməsi, avtomatlaşdırılması üzrə tətbiq olunan həllərlə yerində tanış olublar. Səfərin sonunda keçirilən sual-cavab və təcrübə mübadiləsi sessiyasında rəqəmsal transformasiyanın praktiki tətbiqi, müəssisələrin qarşılaşdığı çağırışlar və qabaqcıl təcrübələrin digər istehsal sahələrində istifadə imkanları müzakirə edilib.

Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli müəssisələrin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsini, fərdiləşdirilmiş transformasiya yol xəritələrinin hazırlanmasını, bilik və bacarıqların gücləndirilməsini, maliyyə və icra dəstəyinin göstərilməsini nəzərdə tutur. Proqram barədə ətraflı məlumat əldə etmək və proqrama qoşulmaq meyarları ilə tanış olmaq üçün müəssisələr https://industry4.az saytına keçid edə bilərlər.