26 oktyabr 2026 16:14
131

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

"Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edir, onların da təxminən 99,9 %-i yalandır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

"Qərb mediası ayrı-ayrı ölkələrə qarşı dezinformasiya yayır və informasiyanı manipulyasiya edir, Azərbaycan isə daimi hədəfə çevrilir. Bizə cavab hüququ verilməsi xahişi ilə müraciət etdikdə, heç bir reaksiya olmur - bizə bu yazıları şərh etmək imkanı verilmir. Belə dezinformasiya dalğası ilə mübarizə aparmaq son dərəcə çətindir. Dünyanın bir çox ölkəsi bu problemdən əziyyət çəkir", - o bildirib.

H.Hacıyev vurğulayıb ki, saxta məlumatlara qarşı mübarizə böyük səylər tələb edir, çünki ölkə öz mövqeyini beynəlxalq auditoriyaya çatdırmağa imkan tapmamışdan əvvəl yalan iddialar qlobal informasiya narrativinin bir hissəsinə çevrilə bilər.

Prezidentin köməkçisinin sözlərinə görə, dezinformasiya ilə mübarizə aparmaq üçün səyləri birləşdirmək və qlobal media ilə daha fəal qarşılıqlı əlaqədə olmaq lazımdır.