26 oktyabr 2026 17:55
120

Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) Niderland Krallığının xarici işlər naziri Tom Berendsen və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti, Cənubi Qafqazda baş verən proseslər və regional sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

BMTMM-in İdarə Heyəti sədrinin müavini, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov təşəbbüs çərçivəsində indiyədək keçirilmiş dörd görüşün nəticələri, Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh prosesinə yanaşmaları, eləcə də kənar qüvvələrin Cənubi Qafqazda cərəyan edən proseslərə müdaxiləsi barədə məlumat verib.

Fərhad Məmmədov Azərbaycanın sülhə sadiqliyini vurğulayaraq, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və mina təhlükəsinin aradan qaldırılmasının aktual məsələlər olduğunu bildirib. O, qarşılıqlı etimada xələl gətirən narrativlərin davamlı sülhün təmin olunmasına maneə yaratdığını diqqətə çatdırıb.

BMTMM-in aparıcı məsləhətçisi Sultan Zahidov Azərbaycan və Niderlandın beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Mərkəzin Avropa beyin mərkəzləri ilə əlaqələri intensivləşdirmək və əməkdaşlıq coğrafiyasını genişləndirmək niyyətində olduğunu qeyd edib.

Sultan Zahidov oktyabrın 27-də Brüsseldə Egmont – Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan-Avropa İttifaqı beyin mərkəzləri forumunun əhəmiyyətinə toxunub. O, həmçinin BMTMM-in İsveçrənin Sent-Qallen Universiteti və LINKS Europe Fondu ilə birgə Avropa və Azərbaycan gündəminin aktual məsələlərinə həsr olunmuş müzakirələr təşkil etdiyini bildirib.

Niderlandın xarici işlər naziri Tom Berendsen xalqlar arasında əlaqələrin inkişafının və etimad quruculuğunun davamlı sülhün əsaslarının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.