27 oktyabr 2026 13:19
159

ABŞ məhkəməsi FTB-nin sabiq rəhbərinin qızının işdən çıxarılmasını qanunsuz hesab edib

Nyu-Yorkun Federal Dairə Məhkəməsi FTB-nin sabiq direktoru Ceyms Kominin qızı Morin Kominin 2025-ci ildə prokurorluqdan qanunsuz olaraq azad edildiyi barədə qərar çıxarıb və onun vəzifəsinə bərpa olunmasını tələb edib.

“İki sahil” xəbər verir ki,  "NBC News" telekanalının məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi artıq bu qərardan apellyasiya şikayəti verəcəyini bəyan edib.

Morin Komi Nyu-Yorkun Cənub Dairəsinin federal prokurorluğunda çalışıb və burada pedofiliya ilə ittiham olunan Ceffri Epşteyn, onun şəriki Qileyn Maksvell, eləcə də repper Şon (Diddi) Kombsa qarşı səs-küylü işləri aparıb.

2025-ci ilin iyul ayında o, heç bir səbəb göstərilmədən elektron poçt vasitəsilə bildiriş alaraq işdən azad edilib. Xanım Komi işdən çıxarılmasını uzun illərdir Donald Trampı tənqid edən atasından qisas almaq cəhdi adlandıraraq məhkəməyə müraciət edib.

ABŞ Ədliyyə Nazirliyi məhkəmədə prezidentin icra hakimiyyətinin istənilən əməkdaşını öz mülahizəsinə görə işdən çıxarmaq üzrə konstitusiya hüququna istinad edib. Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsinin hakimi Cessi Furman bu arqumenti rədd edib. Onun sözlərinə görə, prokurorları işdən çıxarmaq hüququ qanunla məhdudlaşdırılır.

Qeyd edək ki, bu gün daha əvvəl Ceyms Komiyə qarşı milli müdafiə haqqında məlumatların qəsdən "The New York Times" jurnalistinə ötürülməsi ilə bağlı ittihamların irəli sürüldüyü məlum olub. Bu, FTB-nin sabiq direktoruna qarşı federal cinayətlərin törədilməsi ilə bağlı irəli sürülən üçüncü ittihamdır.