27 oktyabr 2026 21:19
221

Şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO

Culfa Rayon İcra Hakimiyyətinin və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhidlərimizin Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqlardan, xalqımızın azadlığı və ərazi bütövlüyü naminə canlarından keçən igidlərimizin xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs edib. Qeyd olunub ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların Vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün örnək olacaq.

İcra başçısı çıxışında Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə, xalqımıza qarşı törədilən cinayətlərə və ölkəmizin ərazi bütövlüyünə yönəlmiş əsassız iddialara da toxunub. Bildirilib ki, Azərbaycan xalqı tarix boyu torpaqlarını qorumaq uğrunda ağır sınaqlardan keçib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilib, 2023-cü ilin antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi tam bərpa olunub. Bu qələbə xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və Azərbaycan Ordusunun qüdrətinin təntənəsi olmaqla yanaşı, şəhidlərimizin uğrunda canlarından keçdikləri müqəddəs amalın gerçəkləşməsi kimi tariximizə yazılıb.

Daha sonra “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək təşkilatın şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması və ailələrinə diqqət və qayğının göstərilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışıb. O, şəhidlərin anım günlərinin qeyd olunmasının qəhrəmanlarımızın döyüş yolunun gələcək nəsillərə çatdırılması, şəhid ailələrinin mənəvi dəstəklənməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, İctimai Birliyin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən icra hakimiyyətləri ilə birgə təşkil etdiyi anım tədbirləri şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, onların qəhrəmanlığının cəmiyyətə çatdırılmasına xidmət edir.

Tədbirdə şəhid Vəli Quliyevin anası Həqiqət xanım, şəhid Yaqub Nəcəfovun atası Məhəmməd müəllim və Vətən müharibəsi qazisi Rza Əlirzayev də çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının tarixi sınaqlara baxmayaraq, torpaqlarına sahib çıxmaq əzmi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri və ölkəmizin qazandığı tarixi nailiyyətlərdən bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində, 2022-ci ildə keçirilən qisas əməliyyatlarında və 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında həlledici rol oynayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti xalqımızın yaddaşında daim yaşayacaq.

Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib, videoçarx nümayiş olunub və şəhid ailələri ilə xatirə fotosu çəkdirilib.

Bəxtiyar Əliyev
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat  katibi