Azərbaycanda Qarabağ suvarma kanalının suötürmə qabiliyyətinin artırılması və suvarılan ərazilərin genişləndirilməsi nəzərdə tutulur. Layihənin icrasına 2027-ci ildə başlanılması hədəflənir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Akif Quliyev Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin Ağsu rayonundan keçən hissəsində aparılan iri həcmli işlərlə yerində tanışlıq məqsədilə təşkil olunan mediatur zamanı məlumat verib.
O bildirib ki, su təsərrüfatı sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qarabağ suvarma kanalıdır. Kanalın layihə sənədləri hazırlanıb və tikintisinə gələn il başlanılması planlaşdırılır.
Akif Quliyevin sözlərinə görə, layihəyə əsasən, Qarabağ suvarma kanalının suötürmə qabiliyyətinin saniyədə 113 kubmetrdən 135 kubmetrədək artırılması nəzərdə tutulur. Eyni zamanda, suvarılan ərazilərin sahəsinin 115 min hektardan 166 min hektaradək genişləndirilməsi planlaşdırılır.
Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində suvarılan torpaq sahələrinin 51 min hektar artırılması hədəflənir.