28 oktyabr 2026 15:59
130

Azərbaycanın qlobal təşəbbüsləri: Mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik

Parçalanmış, qütbləşmiş, mürəkkəb hərbi, geosiyasi proseslər fonunda Bakıda  “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlarası Dialoq Forumunun keçirilməsi müstəsna əhəmiyyət və aktuallıq daşıyan bir hadisədir. Dünyamız ciddi böhran dövrü yaşayır: silahlı münaqişələr davam edir, böyük dövlətlər arasındakı ziddiyyətlər kəskinləşir, yeni qarşıdurmalar təhlükəsi qalmaqdadır. Məqsəd yalnız, hazırkı  problemləri,  bugünkü dünya siyasətinin gündəliyini deyil, həm də  sabah dünyanın necə olacağını müzakirə etmək, təkliflər verməkdir. 

Bu da səbəbsiz deyil. Son illərdə Bakı strateji problemlərin müzakirə olunduğu, onların həlli yollarının işlənib hazırlandığı və dövlətlər arasında yeni əlaqələrin qurulduğu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi öz nüfuzunu möhkəmləndirmişdir. 

 Ümumdünya Mədəniyyətlarası Dialoq Forumu Azərbaycanın dini, milli və ya mədəni mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və əməkdaşlıq ideyasını ardıcıl olaraq irəli sürüdüyü daha geniş beynəlxalq təşəbbüsünün  bir hissəsidir. Belə  bir tədbirin  respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Azərbaycan diplomatiyasının mühüm xüsusiyyəti də məhz bundan ibarətdir: ölkəmiz təkcə beynəlxalq proseslərin iştirakçısı deyil, həm də müxtəlif dövlətlərin nümayəndələrinin hətta dərin siyasi fikir ayrılıqları şəraitində belə dialoq apara biləcəyi bir meydan kimi çıxış etməyə çalışır.  Prezident İlham Əliyevin dediyi kimi: “Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq”.

Bu gün hər bir insan dərk etməlidir ki, o, öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı böyük bir ailənin üzvüdür. Qloballaşma prosesi hər birimizi ümumi məkanın sakinlərinə çeviribdir. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, qarşılıqlı hörmət, bərabərhüquqlu münasibətlər və ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Və bu mənada Azərbaycanın unikal təcrübəsi var. Prezident İlham Əliyevin  dediyi kimi: “Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk”.   

Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar bunu təsdiq ediblər.     Bu yanaşma həm də dövlət siyasətinin tərkib hissəsidir. Elə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də bu məsələyə münasibət bildirərək demişdir: “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.

Dövlət başçımızın azərbaycançılıq ideyasına xüsusi diqqət yetirməsi də təsadüfi deyil.  Azərbaycanın  əldə etdiyi uğurların, sabit inkişafının, eləcə də tarixi Qələbəsinin əsasında cəmiyyətimizdəki ahəngdarlıq dayanır. Azərbaycan o nadir ölkələrdəndir ki,  müxtəlifliyi, fərqliliyi  vahid milli kimlik daxilində birləşə biləcəyini nümayiş etdirir. Və Azərbaycançılıq ideologiyası  ölkəmizdə yaşayan bütün xalqları və dini icmaları birləşdirən ümummilli dəyər kimi çıxış edir. 

Bu gün dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim bölgədə müxtəlif zəminlərdə müharibələri aparılır,  qarşıdurmalar baş verir. Əfsuslar olsun ki, beynəlxalq institutlar ədalətli qərarların verilməsində, onların icra edilməsində  çətinliklərlə üzləşirlər. Digər tərəfdən,  bu və ya digər dövlətlərdə daxili siyasi ziddiyyətlər, cəmiyyətin qütbləşməsi, ənənəvi siyasi institutlara inamın azalması və müxtəlif təsir mərkəzlərinin mübarizəsi hətta qədim demokratik ənənələri olan ölkələr üçün də ciddi sınağa çevrilir. Belə bir fonda Azərbaycanın daxili siyasi sabitliyi xüsusi əhəmiyyət kəsb edir. Xarici siyasət kursunun ardıcıllığı və resursları strateji vəzifələrə cəmləşdirmək bacarığı beynəlxalq qeyri-müəyyənlik dövrlərində xüsusilə nəzərə çarpan amillərdəndir. Sabitlik, əlbəttə ki, səmərəli dövlət institutları, rəhbərliyin məsuliyyəti, ictimai konsolidasiya və yeni çağırışlara vaxtında reaksiya vermək bacarığı tələb edir.

Azərbaycan üçün bu məsələlərin xüsusi dəyəri var. Çünki ölkəmiz çətin münaqişədən, Ermənistanla onilliklər boyu davam edən qarşıdurmadan və ərazi bütövlüyünün bərpası uğrunda uzunmüddətli mübarizədən keçib. Buna görə də sülh, təhlükəsizlik və öz gələcəyini müstəqil müəyyən etmək imkanı ölkəmizdə mücərrəd siyasi düsturlar kimi deyil, konkret tarixi təcrübənin nəticələri kimi qəbul olunur.

Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin regionun müstəqil dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni vəziyyət yaratması ilə bağlı fikirlərinə baxmaq lazımdır. Bu ifadə Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etməsindən və Ermənistanla sülh nizamlanmasına doğru sonrakı irəliləyişdən sonra baş verən dəyişikliklərin miqyasını əks etdirir: “ Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır”.Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr həqiqətən də ölkəmizin və bütün regionun tarixində dönüş nöqtəsi oldu. Onlar qüvvələr nisbətini, siyasi və hərbi təzyiqin yol verilən hədləri barədə əvvəlki təsəvvürləri və Cənubi Qafqaz dövlətləri arasındakı münasibətlərin qurulduğu əsasın özünü dəyişdirdi. 

Prezident İlham Əliyevin çıxışının mühüm  məqamlarından biri də beynəlxalq münasibətlərdə ikili standartlar siyasəti və bununla bağlı  ölkəmizin   prinsipial mövqeyi oldu: “ Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq”. Bəli, əfsuslar olsun ki, Azərbaycan uzun illərdir ki, ikili standartlar əziyyət çəkib və hələ də onların təsiri ilə üzləşir.  Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizi işğal ediləndə,  etnik təmizləmə siyasəti aparılanda, bir milyon  vətəndaşımız öz doğma yurdundan didərgin salınanda, dini və tarixi abidələrimiz dağıdılanda heç bir qurum, beynəlxalq təşkilat bu vandalizmə görə Ermənistana qarşı nə sanksiya tətbiq  etmiş, nə də cəzalandırmışdır. Əksinə işğala və törədilən hərbi cinayətlərə, vandalizm aktlarına məruz qalan Azərbaycana qarşı haqsız qətnamələr, bəyatnatlar qəbul edilmişdi. Ancaq ikili  standartlar təkcə bununla məhdudlaşmır.  Dövlət başçımızın dediyi kimi: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir.” Dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz  Şərqlə Qərb arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik.  Müsəlman ailəsinin də bir parçasıyıq eyni zamanda, Avropanı  yaxşı anlayırıq. Biz mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu yerdəyik. Azərbaycanın mədəniyyətlərasarsı  dialoqun formalaşmasına verdiyi töhfələr dünya ölkələri tərəfindən qəbul edilir və dəstəklənir. 

Beləliklə, Azərbaycanın təqdim etdiyi təcrübə bundan ibarətdir:  mədəniyyətlərarası dialoqun məqsədi çoxmədəniyyətli bir dünyada dinc yanaşı, sülh və təhlükəsiz  şəraitdə yaşamağı öyrənmək, cəmiyyət və mənsubiyyət hisslərini inkişaf etdirməkdir. Mədəniyyətlərarası dialoq selektiv yanaşma və ayrı-seçkilik tətbiq edilmədən, ikili standartlar olmadan insan hüquqları müdafiəsi,  dövlətlərə bərbər və qarşılıqlı ehtiram göstərilməsi, demokratiya və qanunun aliliyinə hörmətin artırılması yolu ilə münaqişələrin qarşısının alınması və həlli üçün vasitə ola bilər.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor