28 oktyabr 2026 18:11
157

Sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq strategiyası

Oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirdi. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan tədbirdə Prezident İlham Əliyevin çıxışı yalnız mədəniyyətlərarası əməkdaşlıq məsələlərini deyil, həm də Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunu, ərazi bütövlüyünün və suverenliyinin bərpasını, müharibədən sülhə keçid təcrübəsini və beynəlxalq münasibətlərdə ədalətin təmin olunması zərurətini əhatə etdi.

Forumda iki mindən artıq iştirakçının qeydiyyatdan keçməsi, yüzdən çox ölkədən nümayəndələrin qatılması 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi”nin qlobal əhəmiyyətini təsdiqləyir. Azərbaycan artıq müxtəlif sivilizasiyaların görüşdüyü coğrafi məkan olmaqla kifayətlənmir, həm də onların qarşılıqlı anlaşması üçün etibarlı siyasi və mənəvi platforma yaradır.

Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan cəmiyyətinin birliyinin və multikultural ənənələrinin dövlətimizin uğurlarındakı rolu idi. Əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələrinin birgə yaşadığı ölkəmizdə tolerantlıq yalnız siyasi bəyanat deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Prezidentin vurğuladığı kimi, azərbaycançılıq ideyası bütün vətəndaşları vahid milli məqsədlər ətrafında birləşdirən gücdür. Bu birlik özünün ən parlaq ifadəsini Vətən müharibəsində tapdı. Müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşları eyni amal uğrunda mübarizə apararaq tarixi Zəfərə töhfə verdilər.

Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri Azərbaycanın müharibəni başa çatdırmaq və sülhə doğru addım atmaq təcrübəsi idi. Otuz ilə yaxın davam edən işğal dövründə beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi beynəlxalq münasibətlərdə ciddi ziddiyyətləri üzə çıxarmışdı. Azərbaycan isə 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Lakin Azərbaycanın tarixi uğurunun mahiyyəti yalnız hərbi Qələbə ilə məhdudlaşmır. Əsl siyasi uzaqgörənlik qalib gəldikdən sonra müharibəni davam etdirməməkdə, regionda yeni münasibətlər sisteminin qurulmasına təşəbbüs göstərməkdədir. Məhz Azərbaycan Ermənistana sülh təklif etdi, sülh sazişinin layihəsini hazırladı və danışıqlar prosesinin irəliləməsinə çalışdı. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması bu siyasətin mühüm nəticələrindən biri oldu. Beləliklə, Azərbaycan göstərdi ki, həqiqi güc yalnız qalib gəlmək deyil, qələbədən sonra sülh qurmaq bacarığıdır.

Dövlət başçısının beynəlxalq təşkilatların fəaliyyətinə və ikili standartlara münasibəti də xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycanın otuz il ərzində qarşılaşdığı ədalətsizliklər göstərdi ki, beynəlxalq hüququn effektivliyi qəbul edilən qərarların icrasından birbaşa asılıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən mexanizmlərin yaradılması, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılması müasir dünya üçün mühüm vəzifələrdir.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini də konkret faktlarla diqqətə çatdırdı. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa ölkələri ilə əməkdaşlığın genişlənməsi, Azərbaycanın enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat bağlantılarında artan rolu ölkəmizin müstəqil siyasətinin nəticələridir. Nüfuzlu beynəlxalq tədbirlərin Bakıda keçirilməsi isə Azərbaycanın həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.

Bu gün dünyada münaqişələrin, qarşıdurmaların və etimadsızlığın artdığı bir şəraitdə Azərbaycanın dialoq çağırışı xüsusi məna daşıyır. Ölkəmiz öz təcrübəsi ilə sübut edir ki, milli maraqların qətiyyətlə müdafiəsi ilə sülhə və əməkdaşlığa açıq olmaq bir-birinə zidd anlayışlar deyil.

Bakıda səslənən əsas mesaj da məhz budur: davamlı sülh ədalətə, qarşılıqlı hörmətə və dövlətlərin suveren hüquqlarının tanınmasına əsaslanmalıdır. Azərbaycan bu prinsipləri yalnız bəyan etmir, öz tarixi təcrübəsi və həyata keçirdiyi siyasətlə onların mümkünlüyünü nümayiş etdirir.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri