29 oktyabr 2026 10:38
113

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Müasir dünyada sülhün və təhlükəsizliyin qorunması, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, fərqli mədəniyyətlərə və dini dəyərlərə hörmətlə yanaşılması bəşəriyyətin qarşısında dayanan ən mühüm vəzifələrdəndir. Münaqişələrin, siyasi ziddiyyətlərin və ideoloji qarşıdurmaların artdığı bir dövrdə mədəniyyətlərarası dialoq yalnız fikir mübadiləsi vasitəsi deyil, həm də xalqların birgəyaşayışına, qarşılıqlı anlaşmaya və davamlı inkişafa xidmət edən mühüm platformadır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət, tarixi ənənələrinə sadiqliyi və beynəlxalq təşəbbüsləri ölkəmizin qlobal dialoq prosesində fəal iştirakını təmin edir.

2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin multikulturalizm ənənələrinə, beynəlxalq əməkdaşlığa, sülhə və ədalətə əsaslanan mövqeyinin mühüm istiqamətlərini əks etdirdi. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş forum bir daha göstərdi ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən, qlobal məsələlərin müzakirəsinə töhfə verən etibarlı beynəlxalq platformalardan birinə çevrilib.

Forumun miqyası və iştirakçıların coğrafiyası bu platformanın beynəlxalq əhəmiyyətini aydın nümayiş etdirir. Tədbirdə 100-dən artıq ölkədən 500-dən çox qonağın iştirakı, qeydiyyatdan keçmiş iştirakçıların sayının isə 2000-i ötməsi mədəniyyətlərarası dialoqa artan marağın göstəricisidir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulmuş forum ötən illər ərzində qlobal gündəlikdə yer alan aktual məsələlərin müzakirə olunduğu, qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarının genişləndirildiyi nüfuzlu platformaya çevrilib. Bu prosesdə BMT-nin Sivilizasiyalar Alyansı və digər tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyi təsadüfi deyil. Ölkəmiz tarixən Şərqlə Qərb arasında yerləşən, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsinə şərait yaradan coğrafi məkanda formalaşıb. Əsrlər boyu xalqımızın yaşatdığı tolerantlıq, dini və etnik dözümlülük, qarşılıqlı hörmət və birgəyaşayış ənənələri bu gün də cəmiyyətimizin mənəvi əsaslarını təşkil edir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin bərabər hüquqlara malik olması, onların vahid cəmiyyət daxilində bir ailə kimi yaşaması Azərbaycanın multikulturalizm modelinin əsas xüsusiyyətlərindəndir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ölkəmizin sabit və uğurlu inkişafının mühüm amillərindən biri məhz cəmiyyətdəki ahəngdarlıq və həmrəylikdir. Azərbaycançılıq ideyası müxtəlif xalqları və dini icmaları ümumi milli məqsədlər ətrafında birləşdirir. Bu birlik ölkəmizin tarixinin çətin sınaqlarla üzləşdiyi dövrlərdə, xüsusilə Ermənistanın hərbi təcavüzünə və işğalına qarşı mübarizədə özünü aydın şəkildə göstərib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın müxtəlif etnik və dini qruplarının nümayəndələrinin vahid amal uğrunda mübarizə aparması milli həmrəyliyin və dövlətə bağlılığın parlaq nümunəsinə çevrildi.

Azərbaycan xalqı tarix boyu müxtəlif siyasi sistemlərdə yaşasa da, öz dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağı bacarıb. Müstəqilliyin bərpasından sonra isə bu dəyərlərin daha da möhkəmləndirilməsi, milli kimliyin qorunması və dövlətçilik ənənələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkəmizin müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd olunduğu bir dövrdə əldə edilən nailiyyətlər xalqın iradəsinin, zəhmətinin və müstəqil inkişaf yoluna sadiqliyinin nəticəsi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına xüsusi yer ayrılması da təsadüfi deyil. Uzun illər davam edən danışıqların nəticəsiz qalması, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icra edilməməsi münaqişənin həllini uzatmışdı. Azərbaycan isə beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail oldu. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan Qələbə və 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, tarixi ədalət bərpa olundu.

Bununla yanaşı, dövlət başçısı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyinə diqqət çəkib. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edən qətnamələrinin uzun illər icrasız qalması beynəlxalq sistemdə mövcud olan problemləri üzə çıxarıb. Beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilməli, ayrı-seçkiliyə və ikili standartlara yol verilməməlidir. Çünki beynəlxalq münasibətlərdə ədalətin və qarşılıqlı hörmətin təmin olunması yalnız qəbul edilən qərarlarla deyil, onların ardıcıl və obyektiv şəkildə həyata keçirilməsi ilə mümkündür.

Azərbaycanın müstəqil xarici siyasəti, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq imkanları ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin çıxışında vurğulanan mühüm məqamlardan biri də əldə edilən nailiyyətlərin Azərbaycan xalqının zəhməti və iradəsi hesabına qazanılmasıdır. İşğalın yaratdığı dağıntılardan, iqtisadi çətinliklərdən və genişmiqyaslı bərpa ehtiyaclarından inkişaf və tərəqqi mərhələsinə keçid ölkənin potensialını nümayiş etdirir. Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar, enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına verdiyi töhfələr də bu tərəqqinin mühüm göstəriciləridir.

Çinlə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinin və Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiyanın imzalanması, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə qurulan strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini göstərir. Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyinin uzadılması və Mərkəzi Asiya Məşvərət Formatında təmsil olunması Azərbaycanın regional və qlobal proseslərdə artan rolunun ifadəsidir. İslam Əməkdaşlıq Təşkilatının 2027-ci ildə keçiriləcək Zirvə Görüşünə və Avropa Siyasi Birliyinin 2028-ci ildəki Zirvə Görüşünə Bakının ev sahibliyi etməsi də ölkəmizə göstərilən beynəlxalq etimadın mühüm göstəricilərindəndir.

Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində iqtisadi potensial, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə yanaşı, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələri də mühüm rol oynayır. Ölkəmizin coğrafi mövqeyi, müasir infrastrukturu və qonşu dövlətlərlə əməkdaşlıq münasibətləri onu beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyətli iştirakçısına çevirir. Xarici borcun ümumi daxili məhsula nisbətən aşağı səviyyədə olması da iqtisadi dayanıqlılığın mühüm göstəricilərindən biri kimi təqdim olunur. Bütün bu amillər Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və gələcək inkişafı üçün əlavə perspektivlər yaradır.

Bununla belə, qlobal siyasi mühitdə qeyri-müəyyənliklərin, münaqişələrin və yeni risklərin artması dövlətlərin daim diqqətli olmasını tələb edir. Milli maraqların, dövlət müstəqilliyinin və milli-mənəvi dəyərlərin qorunması hər bir ölkənin əsas vəzifələrindəndir. Azərbaycan da müstəqil siyasətini davam etdirərək həm öz təhlükəsizliyinin təmin olunmasına, həm də regional sabitliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə önəm verir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər Azərbaycanın sülhə, qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha ortaya qoydu. Müxtəlif xalqların və mədəniyyətlərin yaxınlaşmasına xidmət edən dialoq mühiti müasir dünyanın qarşılaşdığı problemlərin həllində mühüm əhəmiyyət daşıyır. Azərbaycan öz tarixi təcrübəsi, multikulturalizm ənənələri və müstəqil xarici siyasəti ilə bu prosesə töhfə verməkdə davam edir.

Nəticə etibarilə, Bakıda keçirilən forum yalnız beynəlxalq tədbir deyil, həm də fərqli mədəniyyətlərin ortaq gələcək naminə əməkdaşlıq imkanlarının müzakirə olunduğu mühüm platformadır. Azərbaycanın təqdim etdiyi həmrəylik və birgəyaşayış modeli göstərir ki, qarşılıqlı hörmətin, milli dəyərlərə sədaqətin və bərabərhüquqlu əməkdaşlığın qorunduğu cəmiyyətlər daha dayanıqlı inkişaf edə bilər. Ölkəmizin əsas məqsədi əldə etdiyi nailiyyətləri möhkəmləndirmək, sülh və təhlükəsizliyə töhfə vermək, eləcə də mədəniyyətlərarası dialoqu beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir.

İftixar Piriyev,
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru