30 oktyabr 2026 11:05
99

Ermənistanda sülhü kim düyünə salıb?

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna etmir.

O, bu günlərdə verdiyi açıqlamada deyib: “Yaxın gələcəkdə biz Konstitusiyanın yeni layihəsini dərc edəcək, müzakirələrə başlayacaq və onu parlamentə göndərəcəyik. Biz müxalifətdən olan həmkarlarımızı bunun çox mühüm və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Lakin bu alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsi imkanını nəzərdən keçirəcəyik, hərçənd belə bir ssenarinin istisna edildiyini kim deyib?” Bu ikibaşlı ifadələrindən hiss olunur ki, baş nazir hökumətə müxalifətdə olanlardan çəkinir. Bunlar revanşistlər, daşnaklar, kilsə tör-töküntüsü və eks-prezidentlərin tərəfdarlarıdır. Hamısı bir yerdə əhalinin on faizini də təşkil etmir. Ancaq baş nazir Nikol Paşinyan 2020-ci ildə üçtərəfli sənədə imza atarkən Konstitusiyada Azərbaycana ərazi iddialarından əl çəkəcəyini öhdəsinə götürmüşdü. İlk illərdə Nikol Paşinyan dövlət atributlarında dəyişiklik etməyə də başlamışdı. Bu ilin iyun ayında parlament seçkilərindən qalib çıxarsa tezliklə sülh müqaviləsini imzalayacağını da bildirmişdi. İndi nə dəyişib? Əgər sülh müqaviləsini imzalamaqdan qorxacaqdısa elə o vaxt niyə istefa vermirdi? Əsası da vardı: Ermənistan ordusu darmadağın edilmiş, hərbi texnikasının 80 faizi sıradan çıxarılmışdı.

Təbii ki, Azərbaycan bu məsələlərə müdaxilə etmir. Bizim üçün vacib olan qonşu Ermənistanla normal münasibətlərin qurulmasıdır. Ancaq Ermənistanın indiki Konstitusiyasında Azərbaycana ərazi iddiası olan müddəa olduğu kimi qalır. Azərbaycan heç bir zaman bizə torpaq iddiası olan ölkələrlə diplomatik əlaqələr qura bilməz. Əgər Ermənistan bizimlə diplomatik əlaqələr qurmaq, sülh müqaviləsini imzalamaq istəyirsə, Konstitusiyasındakı zərərli maddələri dəyişməlidir. Başqa çıxış yolları yoxdur. Biz öz dəyişməz  mövqeyimizi ortaya qoymuşuq. Gözlənilməz hadisələrə də hazır vəziyyətdəyik. Tarixi təcrübə bizi ayıq-sayıq olmağa sövq edir. Erməni hiyəsinə və məkrli planlarına çoxdan bələdik.

1923-cü ildə Azərbaycan ərazisində ermənilər üçün heç də ehtiyac olmadığı halda SSRİ hökuməti tərəfindən Dağlıq Muxtar Vilayətinin yaradılması təkcə Azərbaycan üçün deyil, bütöv region üçün böyük problem yaratdı. Sovet dövlətinin himayəsində azğınlaşmış Ermənistan yeni ərazi iddiası ilə Azərbaycanla iki müharibəyə bais oldu. Sonda hərbi texnikasını və silahlarını döyüş meydanında atıb qaçan da onların əsgər və zabitləri oldu.

Bütün bunlara rəğmən Azərbaycan Ermənistana hər hansı təzyiq göstərmir, əksinə, ona əməkdaşlıq əlini uzadır. Buna nümunələr də var.
 Sülh müqaviləsinə gəlincə Ermənistan bu məsələlərdə seçimini özü etməlidir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında  sülh müqaviləsinin mətni paraflanıb. Bu, o deməkdir ki, yekun sənəd qəbul olunub və Azərbaycan onu imzalamağa hazırdır. Ancaq bu, o demək deyil ki, biz gələcək təhlükələri nəzərə almadan öz üzərimizə böyük məsuliyyət götürmüşük. Xain və etibarsız ermənilərə inanmaq olmaz. Onlar həmişə ən yaxın müttəfiqlərinin kürəyinə arxadan xəncər saplayıblar. Nə zaman Ermənistanın əsas qanun sənədində ərazi bütövlüyümüzü qəbul edəcəksə, o zaman  sülh müqaviləsi imzalanacaq. Yox, əgər Ermənistan öz öhdəliyinə əməl etməzsə, onda məsuliyyət altında özü qalacaq və gələcəkdə ortaya çıxacaq problemlərin günahkarı olacaq.

Vəli İlyasov, “İki sahil”