30 oktyabr 2026 09:51
126

Rahilə Hüseynzadə: Güc yalnız ağırlığı qaldırmaq deyil, yıxıldıqdan sonra yenidən ayağa qalxmaqdır

Avropa birinciliyinin mükafatçısı: İnsan yuxarı qalxmaq üçün bəzən düşür

Ağırlıqqaldırma yalnız fiziki güc tələb edən idman növü deyil. Burada nəticəni müəyyənləşdirən əsas amillərdən biri də iradə, intizam, özünəinam və psixoloji dayanıqlıqdır. Bəzən idmançının ən böyük qələbəsi podiumda qazandığı medal deyil, uğursuzluqdan, zədədən və çətin sınaqdan sonra yenidən mübarizəyə qayıtması olur.

Azərbaycan milli yığma komandasının üzvü, Avropa birinciliyinin mükafatçısı Rahilə Hüseynzadənin idman yolu da məhz belə bir mübarizənin nümunəsidir. Ağırlıqqaldırmaya qardaşından ilhamlanaraq başlayan idmançı 2019-cu ildə ilk Avropa medalını qazanıb. 2026-cı ildə isə 23 yaşadək atletlər arasında Avropa birinciliyində ikinci yerə yüksələrək karyerasının növbəti mühüm nəticəsinə imza atıb.

Zədələr, uğursuz yarışlar və psixoloji sınaqlar onun idman yolunun bir hissəsi olsa da, Rahilə Hüseynzadə bu çətinlikləri dayanmaq üçün deyil, daha güclü qayıtmaq üçün bir səbəb kimi qiymətləndirir.

Caspianinfo-ya müsahibəsində Rahilə Hüseynzadə ağırlıqqaldırmaya gəlişindən, onu bu idmanda saxlayan amillərdən, beynəlxalq yarışlarda qazandığı təcrübədən, Azərbaycanı təmsil etməyin onun üçün ifadə etdiyi mənadan, qarşıdakı hədəflərindən və gənc idmançılara tövsiyələrindən danışıb.

“Qardaşıma baxaraq bu idmana həvəsləndim”

– Rahilə xanım, əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz. Ağırlıqqaldırmaya gəlişiniz necə başladı və sizi bu idmana bağlayan ilk amil nə oldu?

– Ağırlıqqaldırmaya xüsusilə qardaşımın sayəsində gəlmişəm. İlk olaraq qardaşım bu idmanla məşğul olub. Mən də ona baxaraq həvəslənmişəm və özüm də başlamışam. Daha sonra yarışlar və milli yığma komandada olmaq bu idmana marağımı daha da artırıb.

– Bəs nə üçün məhz ağırlıqqaldırmanı seçdiniz? Bu idmanda sizi özünə cəlb edən əsas xüsusiyyət nədir?

– Ağırlıqqaldırmanı sevirəm, çünki bu idman insana gücünü və iradəsini göstərmək imkanı verir. Qadınların da bu idmanda böyük uğurlar qazana biləcəyinə inanıram. Dünyada və Azərbaycanda uğurlu qadın ağırlıqqaldıranlar var.

“Bu idman mənə özümə inanmağı öyrədib”

– Ağırlıqqaldırma yalnız fiziki güc deyil, həm də ciddi intizam və psixoloji hazırlıq tələb edir. Bu idman sizin xarakterinizdə hansı dəyişiklikləri formalaşdırıb?

– Bu idman mənə özümə inanmağı və öz ayaqlarım üstündə durmağı öyrədib. Həm fiziki, həm də psixoloji cəhətdən daha güclü olmağa kömək edib.

– Karyeranızda sizə “daha böyük hədəflərə gedə bilərəm” inamını verən əsas nəticə hansı olub?

– 2019-cu ildə ilk Avropa medalımı qazandım. Bu medal məni idmana daha da bağladı. 2026-cı ildə isə 23 yaşadək idmançılar arasında Avropa birinciliyində ikinci yeri tutdum. Bu nəticə mənə böyük motivasiya verdi.

– Yüksək nəticəyə aparan yolda sizin üçün hansı amillər daha vacibdir: fiziki hazırlıq, intizam, psixoloji dayanıqlıq, yoxsa məşqçinin düzgün istiqaməti?

– Ən vacib amillər intizam, özünə inam və psixoloji hazırlıqdır. Fiziki güc qədər məşqçinin düzgün istiqamət verməsi də vacibdir.

“Əsas məsələ yenidən toparlanıb davam etməkdir”

– İdman karyeranızda sizi ən çox sınağa çəkən məqam hansı olub? Zədələr və uğursuz nəticələrdən sonra özünüzü yenidən toparlamaq çətin olurmu?

– Ən böyük çətinliklərimdən biri zədələr olub. Uğursuz yarışlar da psixoloji olaraq təsir edir. Amma əsas məsələ yenidən toparlanıb davam etməkdir.

– Yarış günü psixoloji gərginliyi və həyəcanı necə idarə edirsiniz?

– Məndə yarış öncəsi çox həyəcan olmur. Yarış günü özümü idarə etməyi bacarıram və sakit qalmağa çalışıram. Məncə, fiziki hazırlıqla yanaşı psixoloji hazırlıq da vacibdir.

– Bu baxımdan, uğursuzluq sizə nə öyrədib?

– Uğursuzluqdan sonra əsas məsələ ruhdan düşməmək və yenidən çalışmağa davam etməkdir. Hər çətinlik insanı daha da gücləndirə bilər.

“Azərbaycanı təmsil etmək mənim üçün böyük qürurdur”

– Karyeranızda hansı yarış və ya yarış mühiti sizdə daha dərin iz buraxıb?

– 2025-ci ildə keçirilmiş İslam Həmrəyliyi Oyunları mənim üçün yaddaqalan olub. Medal qazanmasam da, çox maraqlı yarış idi. Bu il Avropada ikinci yer tutmağım da mənim üçün xüsusi əhəmiyyət daşıyır.

– Azərbaycanı beynəlxalq arenada təmsil etmək sizin üçün hansı məsuliyyəti və hissləri ifadə edir?

– Azərbaycanı təmsil etmək mənim üçün böyük qürurdur. Hər bir idmançının arzusu öz ölkəsinin himnini səsləndirmək və bayrağını yüksəltməkdir. Mən də bu hissi yaşamağı çox istəyirəm.

– İdman yolunuzda sizə ən çox təsir edən, çətin anlarda dəstəyini hiss etdiyiniz insanlar kimlər olub?

– Bu suala konkret bir ad çəkmək istəməzdim. Çünki çətin vaxtlarımda əsasən özümü özüm toparlamışam. Əlbəttə, məşqçilərimin də mənə böyük mənəvi dəstəyi olub.

“Ağırlıqqaldırma ilə bağlı bəzi stereotiplər dəyişməlidir”

– Ağırlıqqaldırma ilə bağlı cəmiyyətdə hələ də müxtəlif yanlış fikirlər var. Hansı stereotipin dəyişməsini xüsusilə istərdiniz?

– Ən çox deyilən fikirlərdən biri ağırlıqqaldırmanın boy artımını saxlamasıdır. Mən bunun doğru olduğunu düşünmürəm. Boy əsasən genetika ilə bağlıdır.

– Sizcə, Azərbaycanda ağırlıqqaldırmanın daha da inkişaf etdirilməsi üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?

– İdmançıların düzgün hazırlanmasına diqqət yetirilməlidir. Fiziki və psixoloji hazırlıq birlikdə aparılmalıdır. Burada məşqçinin də rolu çox böyükdür.

– Xüsusilə gənclər və yeniyetmələr arasında bu idmana marağı artırmaq üçün nə etmək lazımdır?

– Məncə, zamana ehtiyac var. Fikrimcə, tədricən idmançı sayı bizdə də artacaq.

“Daha böyük uğurlar qazanmaq istəyirəm”

– Qarşıdakı mərhələdə özünüz üçün hansı hədəfləri müəyyənləşdirmisiniz?

– Əsas hədəfim yarışlara daha ciddi hazırlaşmaq, zədələrdən uzaq olmaq və daha yüksək nəticələr göstərməkdir. Avropa və dünya səviyyəsində daha böyük uğurlar qazanmaq istəyirəm.

– Sonda sizi izləyən və bu idmana yeni başlayan gənc idmançılara nə demək istərdiniz?

– Uğursuz nəticəyə görə həvəsdən düşməsinlər. İnsan yuxarı qalxmaq üçün bəzən düşür. Əsas məsələ yenidən qalxmağı bacarmaqdır.

Son söz

Rahilə Hüseynzadənin fikirləri göstərir ki, idmanda nəticə yalnız qaldırılan kiloqramlarla ölçülmür. Hər medalın, hər uğurun arxasında uzunmüddətli məşq, intizam, səbir və ən əsası, məğlubiyyətdən sonra yenidən ayağa qalxmaq iradəsi dayanır.

23 yaşadək atletlər arasında Avropa birinciliyində qazandığı gümüş medal Rahilə Hüseynzadənin karyerasında mühüm mərhələdir. Qarşıdakı hədəfləri isə daha böyükdür – Avropa və dünya səviyyəsində daha yüksək nəticələr əldə etmək, Azərbaycan bayrağını beynəlxalq arenada daha yüksəklərə qaldırmaq.

İdmançının öz sözləri ilə desək, “İnsan yuxarı qalxmaq üçün bəzən düşür.” Əsas olan isə düşdükdən sonra yenidən qalxmaq, mübarizəni davam etdirmək və hədəfdən dönməməkdir.

 

Caspianinfo.az