İqtisadçı alim, hüquqşünas və geosiyasi ekspert Cavid Əjdəroğlu İsmayılın "Yəməndə ölən kimdir, qazanan kim?" adlı yeni kitabı Azərbaycan dilində və Anadolu türkcəsində nəşr olunaraq işıq üzü görüb.
Kitabın redaktoru tanınmış ictimai-siyasi xadim, siyasi tarixçi Prof. Dr. Aygün Attar, nəşri isə "Elm və təhsil" tərəfindən həyata keçirilib.
Kitabda Yəməndə uzun illərdir davam edən qarşıdurma yalnız ölkədaxili münaqişə kimi deyil, Yaxın Şərqdə və Qırmızı dəniz hövzəsində formalaşan yeni geosiyasi, geoiqtisadi və təhlükəsizlik reallıqları kontekstində təhlil edilir.
Müəllif Yəmənin coğrafi mövqeyini, Qırmızı dənizi, Bab əl-Məndəb boğazının dünya ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyətini, İran-Səudiyyə Ərəbistanı rəqabətini, böyük güclərin regiondakı maraqlarını və münaqişənin qlobal iqtisadi nəticələrini araşdırır.
Kitabda diqqət çəkən əsas istiqamətlərdən biri də Türkiyənin Yaxın Şərqdə artan siyasi və geosiyasi nüfuzudur. Müəllif Türkiyənin regional proseslərdə dəyişən rolunu yalnız Ankara üçün yeni imkanlar baxımından deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik münasibətlərinin transformasiyası kontekstində qiymətləndirir.
Əsərin əsas sualı isə adında olduğu kimi belə qoyulur: "Yəməndə ölən kimdir, qazanan kim?"
Müəllif bu sual vasitəsilə müharibənin görünən tərəfi ilə yanaşı, onun arxasında dayanan siyasi, hərbi, iqtisadi və geostrateji maraqlara diqqət çəkir. Kitabda xüsusilə vurğulanır ki, Bab əl-Məndəbdə təhlükəsizlik probleminin dərinləşməsi yalnız regiona deyil, dünya ticarətinə, enerji daşımalarına, logistika xərclərinə və nəticə etibarilə istehlak bazarlarına da təsir göstərə bilər.
"Yəməndə ölən kimdir, qazanan kim?" əsəri Yəmən məsələsini tarix, coğrafiya, geosiyasət, təhlükəsizlik və iqtisadiyyatın kəsişməsində araşdıran analitik nəşr kimi təqdim olunur.