İnsanlara ümid işığı olmaq, şəfa vermək ən böyük Tanrı töhfəsidir
Bu mənim qəti qənaətimdir - həkimi Tanrının yerdəki Rəsulu da hesab etmək olar. Təbii ki, burada söhbət təcrübəli, yüksək elmli və insansevər həkimdən gedir. Eyni zamanda, bu bir həqiqətdir ki, əsl həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi, tükənməsi də zaman məsələsidir.
Mən yeni tanıdığım bir həkim - Cəfər Nəsirli haqqında yazmaq istəyəndə həm əvvəldə yazıdıqlarım, həm də bu sətirlərdən sonra yazacağüm fikirlər düşüncəmə hakim kəsildilər. Bəli, əslində bu gün Cəfər həkimin nə ad günü deyil, nədəki həyatında özəl bir məqam deyil. Amma onun həqqında yazmaq istədim. Məncə bir peşəkar və ləyaqətli həkim haqqında yazmaq üçün ad günlərini, yubileyləri gözləmək şablonçuluqdur. Hətta deyərdim ki, bir az qeyri- səmimilikdir.

Cəfər həkimin həyat fəaliyyəti də qəlbi kimi zəngindir. O, 1985-1987-ci illər Uzaq Şərqdə -Xaborovskda xüsusi təyinatlı dəstələrin tərkibində hərbi qulluq keçmişdir.1988-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə profilaktika fakültəsinə daxil olmuşdur.1991-ci ildə Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir.1992-ci ildə İstanbul Universitetinin Tibb fakültəsinə qəbul olmuşdur. 1995-ci ildə İstanbul Universiteti Cərrah Paşa tibb fakültəsi travmatologiya və ortopediya ixtisası üzrə uzmanlıq təhsilinə başlamışdır. 1999-cu ildə təhsilini «Uzun borulu sümüklərdə intramedulyar osteosintezin qapalı, cərrahi texnikası» mövzusunda uzmanlıq diplomu müdafiəsi ilə bitirmişdir.
1999-2001-ci illərdə İngiltərə Beynəlxalq Kraliyyət Xəstəxanasında süni oynaqların köçürülməsi və sümük xərçəngi üzrə həkim-ortoped və travmatoloq, 2001-2003-cü illərdə İstanbul Ömür xəstəxanalar qrupunun baş ortopedi –travmatoloqu işləmişdir. 2003-2008-ci illərdə Mərkəzi Klinikanın ortopediya- travmatologiya və təcili yardım şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildət tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini qazanmış, 2008-2014-cü illərdə Gömrük Hospitalında ortopediya və travmatologiya şöbəsinin müdiri işləmişdir. 2014-cü ildən ATU-nun Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiridir. 2015-ci ildən isə ATU-nun travmatologiya və ortopediya kafedrasının assistenti, 2017-ci ildə travmatologiya və ortopediya kafedrasının dosentidir. 2018-ci ildən ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri vəzifəsində çalışır.
2021-ci ildə «Tərəqqi» medalına layiq görülmüşdür. 2024-cü ildə AAK tərəfindən «Tibb elmləri doktoru» adını almışdır.
Tibbi fəaliyyətinin zənginliyi və bu sahədə qazandığı uğurlar ona nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda şöhrət və nüfuz qazandırıb. Bu gün də Cəfər həkim nə qədər şöhrət sahibi olsa da özünü əsl xalq həkimi kimi aparır. Sadə, təmtəraqsız bir otağı var. Otağıının qarşısı həmişə pasiyentləri ilə dolu olur. Ona görə ki, insanlar onun elminə, təcrübəsinə və ən nəhayət insansevərliyinə inanıb ona ümid yeri kimi baxırlar. Qəbuluna gələn qazilərin, şəhid ailələrinin ayağına qədər gedir, ağsaqqaların və abirçək nənələrin qayğısını əskik etmir.
Ən başlıcası Cəfər həkimin müalicəsinin və cərahiyyə əməliyyatlarının çox böyük effekti olur. Ailədən olan bir yaxınımızın bud-çanaq əməliyyatını təmənnasız və uğurla həyata keçirən Cəfər həkim onu qısa müddətdə sağlam və gümrah həyatına qaytardı. Ona görə ki, o, tibb elmində uğurlu axtarışlarını davamlı olaraq genişləndirir. Məhz bu səbədəndir ki, Cəfər həkim bu sahənin geridəqalanlarından deyil, inkişafı ilə ayaqlaşanlarındandır.
Cəfər həkimin yazdığı reseptlərdə acı dərmanlardan çox, sevgi var. Bəli, məhz bu bir peşəkar həkim metodudur. O yaxşı anlayır ki, xəstələrin ən böyük şəfası həkim sevgisindədir. Ona görə də keçmişdə bir loğmana sormuşlar: «Xəstələrimizə nə yedirək ki, tez sağılsınlar.» Loğman cavab vermişdir ki, acı söz yedirməyin, qalan nə yedirsəniz olar.
Elçin Zaman, "İki sahil"
Qətiyyətli Liderin, milli iradənin, birliyin və dövlətçilik gücümüzün təntənəsi