31 oktyabr 2026 12:35
120

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib.

DVX-dən “İki sahil”ə bildirilib ki, tədbirdə Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də işçi qrupa daxil olan hüquq/konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev Dünya Bankı tərəfindən təqdim olunan “Business Ready” hesabatı haqqında məlumat verib. Bildirilib ki, ötən ilin sonunda ilk dəfə keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Azərbaycan 101 ölkə arasında “Biznesə daxilolma” indikatoru üzrə 86 balla 20-ci yerdə qərarlaşıb. Yeni qiymətləndirmədə ölkələrin sayının 163-ə yüksəlməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin biznes mühitinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

“Biznesə daxilolma” işçi qrupunun rəhbəri, DVX-nin rəis müavini Samirə Musayeva biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi imkanları və bu istiqamətdə görülən işlər barədə məlumat verib. Xarici investisiyalı hüquqi şəxslərin sənədlərinin xarici dildə autentifikasiyası, rəqəmsallaşma prosesinin sürətləndirilməsi, habelə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında iştirak edən qurumların məlumat bazalarının inteqrasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinin hazırlanaraq aidiyyəti strukturlarda baxılmaqda olduğu bildirilib.

“Konsul leqallaşdırılması informasiya sistemi” haqqında müvafiq hüquqi sənədlər də hazırlanaraq aidiyyəti üzrə göndərilib, sistemin yaradılması ilə bağlı texniki işlərin 85 faizi tamamlanıb.

Bununla yanaşı, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, o cümlədən elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlarla bağlı məlumatlandırma və təşviqat tədbirləri barədə məlumat verilib.

İclas iştirakçıları Yol Xəritəsinin aidiyyəti bəndlərində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə hazırlanmış qanun layihələri barədə geniş müzakirə aparıblar, konsaltinq şirkətlərinin nümayəndələrinin təklifləri dinlənilib.