31 oktyabr 2026 14:50
125

Məzahir Əfəndiyev Göyçayda şəhid ailəsi ilə görüşdü, vətəndaşların müraciətlərini dinlədi

31 oktyabr 2026-cı il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev seçki dairəsi ərazisinə növbəti səfərini edib. Səfər çərçivəsində deputat ilk növbədə Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edib.

“İki sahil” xəbər verir ki, sonra deputat Göyçay şəhidlər xiyabanında rayonunun İkinci Qarabağ Müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günü münasibətilə əziz xatirəsini dərin hüznlə anıb, şəhidimizin ailəsinə başsağlığı verib. O, İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Zəfər nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıb.

Polkovnik-leytenant Vidadi Xəlilov İkinci Qarabağ – Vətən Müharibəsi zamanı Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad olunmasında yaxından iştirak etmişdir.

O, 31 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən qanlı döyüşlərdə qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Daha sonar M.Əfəndiyev Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaş qəbulu keçirib. Qəbul zamanı vətəndaşların əsasən işsizlik, sosial təminat və səhiyyə ilə bağlı müraciətləri dinlənilib. Deputat daxil olan müraciətlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və aidiyyəti qurumlar qarşısında qaldırılacağını bildirib. Qəbulda vətəndaşların problemlərinin həlli istiqamətində konkret addımların atılacağı qeyd olunub.