31 oktyabr 2026 19:00
132

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

ABŞ Prezidenti Donald Tramp qarşıdakı iki il yarım ərzində Kubada hakimiyyət dəyişikliyinin baş verəcəyini, bunun Venesuela ssenarisi üzrə inkişaf edə biləcəyini düşünür.

“İki sahil” xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Benni Consona müsahibəsində bildirib.

Kubanın hazırkı rəhbərliyinin hakimiyyətdə nə qədər qalacağı ilə bağlı suala cavabında D.Tramp bunun uzun müddət davam etməyəcəyini söyləyib. O, Kubanı iqtisadi və siyasi baxımdan iflasa uğramış ölkə adlandıraraq, ABŞ-nin Venesuelada atdığı addımları nümunə göstərib.

“Biz Kubanı çox diqqətlə izləyirik və Dövlət katibi Marko Rubio bu məsələ ilə ciddi məşğul olur. Onun valideynləri Kubadandır. Qarşıdakı iki il yarım ərzində bu məsələni mütləq həll edəcəyik, əslində isə daha tez”, – deyə ABŞ Prezidenti vurğulayıb.

D.Tramp, həmçinin bildirib ki, Vaşinqton əvvəlcə Venesuela ilə bağlı prosesləri başa çatdırmağı, daha sonra isə digər ölkələrlə bağlı addımlar atmağı nəzərdən keçirə bilər. O, hazırda İranın nüvə silahına sahib olmasının qarşısını almaq istiqamətində də fəaliyyət göstərdiklərini qeyd edib.