Finlandiyada işsizlik səviyyəsi Avropa İttifaqı (Aİ) ölkələri arasında yenidən ən yüksək göstəriciyə çatıb. 2026-cı ilin sentyabr ayında bu göstərici 10,5 faiz təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatında bildirilir.
Məlumata görə, Finlandiyada işsizlik səviyyəsi yay aylarında üç ay ərzində 10,4 faiz olub. 2025-ci ilin sentyabrında isə bu göstərici 10 faiz təşkil edib.
İşsizlik səviyyəsinə görə İspaniya 10,3 faizlə ikinci, İsveç isə 8,7 faizlə üçüncü yerdə qərarlaşıb. Avropa İttifaqı üzrə orta göstərici 6,2 faiz olub. Ən aşağı işsizlik səviyyəsi isə Çexiyada qeydə alınıb - 2,8 faiz.
Finlandiyanın “Yle” telekanalının məlumatına görə, ölkə 2025-ci ilin noyabrında da Aİ-də işsizlik səviyyəsinə görə ilk sıraya yüksəlib. Ekspertlər bunu uzunmüddətli iqtisadi tənəzzül və əmək bazarında struktur dəyişiklikləri nəticəsində işə qəbul prosesində yaranan çətinliklərlə əlaqələndirirlər.
Bildirilib ki, Avropa İttifaqının sanksiya siyasəti nəticəsində Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi Finlandiyanın logistika, ağac emalı sənayesi, hotelçilik və turizm sektorlarına da mənfi təsir göstərib.
Almaniyada hökumətin istefası tələbi ilə gənclərin etiraz aksiyaları keçirilir