Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Avropa ölkələrini müdafiə və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməyə çağırıb.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, Kir Starmer bu barədə Dublində Britaniya-İrlandiya Ticarət Palatasının təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.
Sabiq Baş nazir bildirib ki, Avropanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə müdafiə sahəsində münasibətlərində baş verən dəyişikliklər müvəqqəti xarakter daşımır və bunu yalnız Donald Trampın prezidentliyi ilə əlaqələndirmək düzgün olmaz.
Onun sözlərinə görə, ABŞ artıq Avropadakı müttəfiqlərinin müdafiə xərclərini maliyyələşdirmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirib.
“Artıq əvvəlki vəziyyətə qayıdış olmayacaq”, – deyə Kir Starmer vurğulayıb.
O qeyd edib ki, Avropanın vahid bazara ehtiyacı olduğu qədər ümumi təhlükəsizlik sisteminə də ehtiyacı var. Sabiq Baş nazir Böyük Britaniyanın bu sistemdə mərkəzi rol oynamalı olduğunu bildirib.
Kir Starmer, həmçinin vurğulayıb ki, bu fikirlər ABŞ ilə münasibətlərin əhəmiyyətini itirməsi demək deyil. Onun sözlərinə görə, Böyük Britaniya ilə ABŞ arasında hərbi, təhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlıq kifayət qədər güclüdür. Bununla belə, sabiq Baş nazir hesab edir ki, Avropa ölkələri müdafiə və təhlükəsizliklərinin təmin edilməsində daha böyük məsuliyyət daşımalıdır.
Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir