Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Zeynalov Elnur Elsəvər oğlunun anım gününə həsr olunmuş “Asan gün dünən idi” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, hərbi qulluqçular, dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra anım tədbiri çıxışlarla davam etdirilib.
Şəhid ataları adından çıxış edən şəhid Amin Gülməmmədovun atası Mais ata, şəhid anaları adından çıxış edən şəhid Raqib Hüseynovun anası Rəna ana, Əlahiddə Ümumqoşun Ordusunun zabiti Naib Cəfərov, qazi İlkin Baxşəliyev, Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov şəhid Elnur Zeynalovun həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən, qəhrəmanlığından söz açıblar. Çıxışlarda qəhrəmanlarımızın unudulmadığı, onların Vətən sevgisi, şücaəti və fədakarlığının xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Eyni zamanda şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.
Tədbir çərçivəsində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın döyüş yolunu əks etdirən “Xüsusi Təyinatlılar” adlı sənədli film nümayiş olunub.
Sonda şəhidin qardaşı Ruslan Zeynalov ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara şəhidin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Bəxtiyar Əliyev
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi