Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və ləyaqətli liderliyi sayəsində xalqımız 6-cı ildir ki, təntənəli şəkildə Zəfər bayramını qeyd edəcəkdir. Məhz 2020-ci il noyabrın 8-də möhtəşəm əzəmətli qalalar üzərində yerləşən Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistanın bel sütunu qırıldı. Noyabrın 8- i təqvimi Zəfərə qovuşduğumuz gün kimi Azərbaycanın şanlı tarixinə yeni səhifə yazıldı.
Bu tarixi Zəfərimiz uzun illər ərzində dövlətimizin siyasi nüfuzunun, mükəmməl ordu quruculuğunun və iqtisadi potensialının artırılması istiqamətində aparılan, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin məntiqi nəticəsi idi. Beləliklə, Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasət 30 illik ədalətsizliyin bərqərar olunmasına, hərbi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə, müqəddəs bayrağımızın Azərbaycanın bütün guşələrində dalğalanmasına yönəlmişdi. Zəfərə doğru addım-addım milli güc arxitekturasını möhkəmləndirən Ali Baş Komandan dünya birliyində Azərbaycanın müstəqil və nüfuzlu dövlət simasını formalaşdırdı. Eyni zamanda, Azərbaycan cəmiyyətini vahid amal ətrafında səfərbər etdi, Silahlı Qüvvələrimizi Vətən müharibəsində qazanılan möhtəşəm qələbələrə hazırladı.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Azərbaycan dünya siyasi tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini özü, təkbaşına icra etməklə ədaləti bərpa etdi. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı dünya azərbaycanlılarına qədim tariximizin son 200 ilində ilk dəfə qazanılmış Zəfəri yaşatdı. Qələbəyə gedən yol Azərbaycan xalqının mütəşəkkilliyini, həmrəyliyini, xalq-iqtidar birliyini daha bariz şəkildə nümayiş etdirdi.
Respublikamız işğaldan ötən 30 il ərzində üzləşdiyi haqsızlıq və ədalətsizliyin təzahürlərinin Vətən müharibəsi günlərində bir daha şahidi oldu. Müharibənin ilk günlərində və uğurlu hərbi əməliyyatların davam etdiyi zaman, işğalçı Ermənistanı və qondarma rejimi müdafiə edən ölkələrin riyakarlığı da diqqətdən kənarda qalmadı. Münaqişənin “həlli” ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransa açıq-aşkar təcavüzkar dövlətə birmənalı dəstəyini ifadə etdi. Erməni lobbisinin təsiri altında olan ABŞ və digər Qərb dövlətlərinin bir sıra yüksək vəzifəli rəsmilərinin də ermənilərə dəstək mesajları Azərbaycana qarşı qərəzli mövqeyi, ədalətsizliyi göstərdi. Eləcə də Ermənistan və havadarlarının ölkəmizə təzyiq cəhdləri informasiya savaşında daha qabarıq şəkildə sərgilənirdi.
Dünyadakı ermənipərəst qüvvələrin bütün hədə və təhdidlərinə, təxribatlara baxmayaraq, qətiyyətli sərkərdəmiz İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirmək məharəti və məntiqli arqumentləri ilə bu təzyiq və haqsız hücumların hər birini darmadağın edərək iyrənc ikili standartları ifşa etdi. Ölkəmizin başçısı həm müharibə cəbhəsində, həm də diplomatik meydanda inamlı qələbələr qazandı, haqq savaşını qalib sərkərdə kimi başa çatdırdı.
Bu bir həqiqətdir ki, tarixi Zəfərimiz xalqımızın şərəf və qürur simvoludur. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş möhtəşəm Zəfər paradı keçirilib, Paradda Azərbaycan əsgəri və zabitinin möhtəşəm görüntüsü və döyüş səngərlərindən qənimət kimi götürülən hərbi texnikaları xalqımızda qürur və fərəh şissləri yaratmışdı. Nəticədə bu gün xalqımızda öz Ordusuna , Müzəffər Ali Baş Komandanına daha böyük güvən və inam yaramışdı.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı