02 noyabr 2026 18:35
115

Mümkünsüzləri mümkünləşdirən ölkə

Uzun illər həlli mümkünsüz görünən məsələlər Azərbaycanın siyasi iradəsi, iqtisadi imkanları və güclü ordusu sayəsində yeni reallıqlarla əvəzlənib. Azərbaycanın qazandığı bu uğurlar heç də təsadüfi deyil.

Bəri başdan qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkənin düşdüyü vəziyyətdən çıxması, müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaması, iqtisadiyyatını bərpa etməsi və beynəlxalq aləmdə layiqli yer tutması mümkünsüz görünürdü. Lakin Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə bütün bunları reallaşdırdı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində mühüm rol oynadı. Məhz zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması, xarici investisiyaların cəlb edilməsi və beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtdı. Bununla yanaşı, iqtisadi inkişafdan əldə olunan imkanlar dövlətin müdafiə qüdrətinin artırılmasına, sosial layihələrin icrasına və infrastrukturun yenilənməsinə yönəldildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələdə davam etdirildi. Bu gün Azərbaycan yalnız enerji resursları ilə zəngin ölkə deyil, həm də mühüm nəqliyyat qovşağı, beynəlxalq tədbirlərin keçirildiyi məkan və müxtəlif dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Coğrafi baxımdan çətin və mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng enerji layihələrini və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini reallığa çevirməsi ölkəni qlobal logistika mərkəzinə çevirib.

Azərbaycanın mümkünsüz görünən hədəflərə nail olduğunu təsdiqləyən ən mühüm tarixi hadisə ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasıdır. Bu mənada 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, həmçinin 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixində yeni səhifə açdı. Halbuki dünyanın bəzi aparıcı qurumları bunun müharibə yolu ilə həllinin mümkünlüyünə şübhə ilə yanaşırdılar. Hətta 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox, bu münaqişəni dondurmaq idi. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim rəsmi Bakını yolundan döndərə bilmədi. Azərbaycan münaqişənin başa çatmasından sonra regionda davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslər irəli sürdü. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan razılaşmalar uzunmüddətli sabitliyə nail olmaq üçün yeni imkanlar yaratdı.

Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam etməkdədir. 

Beləliklə, Azərbaycan onilliklər ərzində həlli müşkül görünən tarixi problemləri öz gücü hesabına həll etdi. Azərbaycanın qələbəsi sübut etdi ki, milli maraqlar ətrafında birləşən xalq və güclü dövlət qarşıya qoyduğu ən çətin məqsədlərə belə nail ola bilər. Ölkəmizin qazandığı tarixi qələbə Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına imkan yaratdı. İndi isə qarşıda dayanan əsas vəzifə bu reallığı regionun uzunmüddətli sülh və inkişaf perspektivinə çevirməkdir. Şübhəsiz, mümkünsüz görünən bu sülhü də Azərbaycan reallığa çevirə biləcək. Çünki Azərbaycan taleyini özü müəyyənləşdirən, milli maraqlarını qətiyyətlə qoruyan və qarşısına qoyduğu məqsədlərə çatmaq üçün ardıcıl fəaliyyət göstərən müstəqil dövlətdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”