03 noyabr 2026 20:04
127

Bir elin yaddaşından doğan manifest – yurd həsrətinin bədii salnaməsi

Tarix yalnız salnamələrdə, arxiv sənədlərində, tarixi xəritələrdə və rəsmi mənbələrdə yaşamır. Tarix, eyni zamanda, insanların yaddaşında, nəsildən-nəslə ötürülən xatirələrdə, ata-baba yurduna bağlılıq hissində, doğma torpağın həsrəti ilə yoğrulmuş talelərdə yaşayır. Bəzən bir insanın xatirəsi bütöv bir elin tarixini özündə yaşadır, bir ailənin taleyi isə xalqın yaşadığı böyük faciələrin mənzərəsini yaradır. Bu mənada bədii ədəbiyyat tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılmasının təsirli vasitələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan mövzusuna həsr olunmuş “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” kitabı məhz belə bir mənəvi və ictimai missiyanı öz üzərinə götürən nəşrdir. Milli Məclisin deputatı Məlahət İbrahimqızının layihə rəhbəri olduğu bu kitab Qərbi Azərbaycan İcmasının keçirdiyi ümumrespublika hekayə müsabiqəsinə təqdim olunmuş nəsr nümunələrini bir araya gətirir.

Kitabın adının seçilməsi də təsadüfi deyil. Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri ilə mənəvi və ideya bağlılığı yaradan “Bir elin manifesti” ifadəsi fərdi taledən ümumxalq taleyinə doğru genişlənən məna yükü daşıyır. Əgər bir gəncin manifesti insanın mənəvi dünyasını, mübarizəsini, həyat mövqeyini ifadə edirsə, bir elin manifesti bütöv bir xalqın yurd yaddaşını, tarixi təcrübəsini, ağrılarını və öz kimliyini qorumaq əzmini ifadə edir. Beləliklə, kitabın adı onun ideya istiqamətini müəyyənləşdirməklə yanaşı, oxucunu tarixi yaddaşın dərinliklərinə aparır.

Toplunun diqqətçəkən cəhətlərindən biri Qərbi Azərbaycan həqiqətlərinin yalnız tarixi faktlar və publisistik mülahizələr vasitəsilə deyil, bədii təxəyyülün imkanları ilə təqdim edilməsidir. Hekayə janrı bu baxımdan geniş imkanlara malikdir. Çünki hekayədə böyük tarixi hadisə konkret insanın taleyində, bir ailənin yaşantısında, bir evin xatirəsində, bir kəndin mənzərəsində təcəssüm edə bilir. Oxucu tarixi hadisəni yalnız məlumat kimi qəbul etmir, onu insan taleləri və mənəvi yaşantılar vasitəsilə dərk edir.

Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın yaddaşında yaşayan yurd xatirələri bu kitabın əsas ideya istiqamətini təşkil edir. Doğma evin qapısı, uşaqlığın keçdiyi küçələr, kəndin bulağı, ata ocağı, həyət-baca, dağlar, çaylar, qəbiristanlıqlar – bütün bunlar insanın yaddaşında sadəcə coğrafi məkan kimi deyil, mənəvi varlığının ayrılmaz hissəsi kimi yaşayır. İnsan doğulduğu torpaqdan uzaq düşə bilər, lakin həmin torpağın onun ruhunda yaratdığı bağlılığı itirmir. Elə bu səbəbdən də yurd həsrəti mövzusu Azərbaycan ədəbiyyatında həm fərdi, həm də ümummilli məzmun daşıyan aparıcı mövzulardan biridir.

Topluda yer alan hekayələrdə tarixi yaddaşın bədii ifadəsi, deportasiya və məcburi köçkünlük talelərinin insan həyatında yaratdığı izlər, milli kimliyin qorunması, Vətənə bağlılıq və doğma yurda qayıdış arzusu vahid ideya xəttində birləşir. Burada əsas diqqət yalnız keçmişdə baş vermiş hadisələrin xatırlanmasına deyil, həmin hadisələrin insan yaddaşında və milli şüurda yaşadılmasına yönəlir. Bu xüsusiyyət kitabı sırf ədəbi toplu çərçivəsindən çıxararaq ona ictimai-mənəvi məzmun qazandırır.

Nəşrin əhəmiyyətli tərəflərindən biri də müxtəlif nəsilləri təmsil edən müəlliflərin Qərbi Azərbaycan mövzusuna müraciət etməsidir. Xüsusilə gənc yazıçı və publisistlərin bu mövzuda qələmə aldıqları əsərlər tarixi yaddaşın nəsillərarası ötürülməsi baxımından diqqətəlayiqdir. Çünki yurd həsrəti yalnız həmin torpaqlarda doğulmuş və yaşamış insanların xatirəsi deyil. Bu, həm də onların övladlarının, nəvələrinin mənəvi dünyasına ötürülən irsi yaddaşdır. Gənc nəslin bu mövzuda bədii sözə müraciət etməsi tarixi həqiqətlərin gələcək nəsillərin düşüncəsində yaşamasına imkan yaradır.

Müsabiqənin təşkilati və ədəbi tərəfdaşlıq müstəvisində də diqqətəlayiq məqamlar vardır. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən layihədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi kimi qurumların iştirakı təşəbbüsün ədəbi-elmi əsaslarının möhkəmləndirilməsinə xidmət etmişdir. Müsabiqə çərçivəsində 50-dən çox hekayənin müzakirəyə çıxarılması, müəlliflərin əsərlərinin ictimaiyyətə təqdim olunması bu istiqamətdə yaradıcı mühitin formalaşmasına təkan vermişdir.

2026-cı il fevralın 12-də müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə qaliblərin mükafatlandırılması və seçilmiş hekayələrdən ibarət kitabın təqdim edilməsi layihənin mühüm mərhələsi olmuşdur. İlhamə Kərimovanın “Sonuncu pərdə”, Könül Həsənovanın “Əsa”, Samir Abdullayevin “Onun adı Lena idi” hekayələrinin müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülməsi müsabiqənin nəticələrindəndir. “Gəlinlik donu”, “Zəngi çayının səsi”, “Xəritənin sirri”, “Mənim çəkmələrim” və digər hekayələrin də topluda yer alması mövzunun müxtəlif bədii yanaşmalarla işlənməsini göstərir.

Ədəbi resenziya baxımından kitabın əsas dəyəri onun mövzusunun aktuallığı ilə yanaşı, tarixi yaddaşı bədii düşüncənin predmetinə çevirməsindədir. Bununla belə, belə mövzulara müraciət edən müəlliflər qarşısında mühüm yaradıcılıq məsuliyyəti də dayanır. Tarixi hadisələrin bədii təsviri faktlara sədaqət, obrazların fərdiləşdirilməsi, süjetin inandırıcılığı, dil və üslubun təbiiliyi ilə müşayiət olunmalıdır. Çünki bədii əsərin təsir gücü yalnız qaldırdığı problemin əhəmiyyəti ilə deyil, həmin problemin necə təqdim edilməsi ilə də müəyyənləşir. Oxucuya tarixi həqiqəti hiss etdirmək, onu obrazların taleyi vasitəsilə yaşatmaq yazıçıdan xüsusi sənətkarlıq tələb edir.

“Bir elin manifesti” kitabının məhz hekayə müsabiqəsi əsasında formalaşması bu baxımdan əhəmiyyətlidir. Layihə müəlliflərə öz yaradıcı mövqelərini ifadə etmək, tarixi yaddaşa bədii münasibət bildirmək imkanı yaratmışdır. Bu təşəbbüsün davam etdirilməsi, mövzu üzrə yeni əsərlərin yazılması, seçilmiş hekayələrin xarici dillərə tərcüməsi və beynəlxalq oxucu auditoriyasına çatdırılması da xüsusi əhəmiyyət kəsb edir. Belə əsərlər Azərbaycan xalqının tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və doğma yurda bağlılığını daha geniş mədəniyyət məkanında tanıtmaq imkanına malikdir.

Kitabın başqa bir mühüm məqamı ədəbi sözün yaddaş qoruyucusu funksiyasını ön plana çıxarmasıdır. Zaman keçir, nəsillər dəyişir, hadisələrin canlı şahidləri azalır. Lakin yazıya alınan xatirələr, bədii əsərlərdə yaşadılan insan taleləri zamanın sınağından keçərək gələcək nəsillərə çatır. Bu mənada Qərbi Azərbaycan mövzusunda yaradılan hər bir sanballı ədəbi nümunə tarixi yaddaşın qorunmasına töhfə verə bilər.

Məlahət İbrahimqızının layihə rəhbərliyi ilə ərsəyə gələn “Bir elin manifesti” təşəbbüsünün əhəmiyyəti də məhz bu məqamda üzə çıxır. Layihə tarixi mövzunun ədəbi müstəvidə işlənməsinə, gənc müəlliflərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına və Qərbi Azərbaycan yaddaşının bədii söz vasitəsilə yaşadılmasına şərait yaratmışdır. Bu təşəbbüsün gələcəkdə yeni nəşrlərlə davam etdirilməsi onun ədəbi və ictimai təsir dairəsini daha da genişləndirə bilər.

Nəticə etibarilə, “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” kitabı yalnız keçmişin ağrılarını xatırladan bir toplu deyil. O, yurd yaddaşının, milli kimliyin, tarixi varisliyin və mənəvi bağlılığın bədii ifadəsidir. Bu kitabın səhifələrində bir elin taleyi, bir xalqın xatirələri və doğma torpağa bağlılığın nəsildən-nəslə ötürülən mənəvi gücü əks olunur.

Çünki yurd yalnız xəritədə göstərilən coğrafi məkan deyil. Yurd insanın uşaqlığı, ailəsinin tarixi, ata-baba ocağı, dilinin və yaddaşının köküdür. Onu yaşatmaq isə yalnız xatırlamaq deyil, həm də yazmaq, yaratmaq və gələcək nəsillərə ötürməkdir. “Bir elin manifesti”nin əsas mənəvi mesajı da budur: Yaddaşını qoruyan xalq öz tarixini yaşadır, tarixini yaşadan xalq isə mənəvi varlığını gələcəyə daşıyır.

Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı